® “Caspian Energy Club”ın üzvləri Qarabağ bölgəsini ziyarət ediblər
Mayın 12-13-də “Caspian Energy Club”ın və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı, “Accurate Az” şirkətinin baş sponsorluğu ilə Qarabağa “Grand CEO Tour” təşkil olunub. Bu barədə məlumatı “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev verib.
Azərbaycanın iqtisadi, sosial və strateji inkişafında mühüm əhəmiyyət daşıyan Qarabağ bölgəsinə həyata keçirilən bu işgüzar səfər çərçivəsində iştirakçılar regionda aparılan bərpa-quruculuq işləri, yaradılan yeni biznes imkanları, sənaye və təhsil infrastrukturu ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Səfər çərçivəsində iştirakçılar Qarabağda həyata keçirilən genişmiqyaslı layihələr, investisiya imkanları və regionun gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat əldə ediblər.
Səfərin ilk günü Ağdam Sənaye Parkında fəaliyyət göstərən “Tebaterra”, “Eel Electric”, “Bafco İnvest” və “Mister Decor” müəssisələri ziyarət olunub. Müasir istehsal infrastrukturu və tətbiq olunan innovativ yanaşmalar barədə iştirakçılara ətraflı məlumat təqdim edilib.
Səfər çərçivəsində “Grand CEO Tour”un növbəti dayanacağı Xocalı rayonunun Ballıca kəndində yerləşən “Accurate Az” olub. Şirkətin fəaliyyəti, həyata keçirdiyi layihələr, regionda biznes mühitinin inkişafına verdiyi töhfələr və gələcək planları barədə iştirakçılara geniş təqdimat keçirilib. Qeyd edək ki, "Accurate Az" MMC Prezident İlham Əliyevin “Böyük Qayıdış” proqramından vüsət alaraq, şəhidlərimizin qanı bahasına azadlığına qovuşmuş torpaqlarda - Qarabağda, Xocalıda təsis edilib. Burada ildə 20 çeşiddə 240 min ədəd ofis mebeli və 4 milyon ədəd mebel aksesuarı istehsal edilir. Məhsulların 60 faizi ixraca, 40 faizi daxili bazara yönəldirilib. Türkiyə, İsveçrə, Almaniya, İtaliya, Çin və Yaponiyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunmuş müəssisənin yeni fabriki ixrac potensialına malik mebel məhsulları ilə Azərbaycanın mebel sənayesinin inkişafına, yerli istehsalın güclənməsinə və işğaldan azad olunmuş ərazilərdə əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə töhfə verir.
“Grand CEO Tour” Qarabağ Universitetinə təşkil olunan ziyarətlə davam edib. İştirakçılar universitetin infrastrukturu, təhsil imkanları və gələcək inkişaf planları ilə tanış olub, regionun elmi və intellektual potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri yüksək qiymətləndiriblər.
Mayın 13-də proqram Şuşa şəhərində davam edib. Səfər iştirakçıları Vaqif türbəsini ziyarət ediblər. Ziyarət zamanı Azərbaycanın görkəmli şairi və filosofu Molla Pənah Vaqifin xatirəsi ehtiramla yad edilib.
Daha sonra “Grand CEO Tour” iştirakçıları üçün “Grand CEO Lunch” təşkil edilib. Görüşdə Qarabağda artıq fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə yeni əməkdaşlıq imkanları müzakirə edilib.
“Caspian Energy Holding” haqqında qısa məlumat:
İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən “Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilib. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.
“Caspian Energy Holding”in tərkibinə bu qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group” ,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.