® Mərkəzi Gömrük Hospitalının həkimləri professoru kliniki ölümdən xilas ediblər
Yetmiş yaşlı professor Hikmət Əlizadə iş yerində özünü narahat hiss etdikdən sonra Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım xidmətinə müraciət edib. Hadisə yerinə çatdırılan təcili tibbi yardım briqadası tərəfindən pasiyentdə döş qəfəsində güclü ağrı, arterial təzyiqin enməsi və ürək döyüntülərinin sürətlənməsi müşahidə olunub.
Mərkəzi Gömrük Hospitalının rəisi - Baş həkimi Bəxtiyar Musayevin rəhbərliyi ilə Kardiologiya şöbəsinin rəisi, invaziv-kardioloq İlqar Tahiroğlunun, Əməliyyatxana, reanimasiya və anesteziologiya şöbəsinin anestezioloq-reanimatoloqları Xəyal Məmmədov ilə Günel Cəfərovanın, Təcili tibbi yardım şöbəsinin rəisi, təcili tibbi yardım həkimi Füzuli Abışovun və hospitalın peşəkar tibbi heyətinin operativ müdaxiləsi nəticəsində pasiyentə dərhal yüksək ixtisaslı tibbi yardım göstərilib.
Mərkəzi Gömrük Hospitalına çatdırılarkən Hikmət Əlizadənin ürəyi dayanıb və dərhal təxirəsalınmaz reanimasiya tədbirlərinə başlanılıb. Təxminən 20-30 dəqiqə davam edən intensiv ürək masajı və reanimasiya tədbirləri nəticəsində pasiyentin həyati göstəricilərini bərpa etmək mümkün olub.
Daha sonra pasiyent təcili olaraq angioqrafiya otağına aparılıb və müayinələr zamanı onun ürək damarlarında ciddi tıxanma aşkarlanıb. İlqar Tahiroğlu tərəfindən həyata keçirilən təcili invaziv müdaxilə uğurla başa çatıb və ürək damarlarının keçiriciliyi bərpa olunub. Hazırda Hikmət Əlizadənin vəziyyəti stabildir, müalicəsi uğurla davam edir və onun bu gün evə buraxılması nəzərdə tutulur.