İDMAN


"Rusiya 2018": Fransa pley-off mərhələsinə vəsiqə qazanan üçüncü komanda oldu

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 21-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının səkkizinci gününün ikinci oyununda “C” qrupunda yer alan Fransa və Peru milliləri qarşılaşıblar.

AZƏRTAC xəbər verir ki, sürətli hücumlar şəraitində keçən oyunda Fransa millisi minimal hesabla qalib gələrək Rusiya və Uruqvay millilərindən sonra səkkizdəbir final mərhələsinə vəsiqə qazanan üçüncü komanda olub.

Oyunda yeganə qol matçın 34-cü dəqiqəsində vurulub. Pol Poqbanın başladığı hücumu Kilyan Mbape qola çevirib.

Bu qrupda dörd xalla Danimarka millisi ikinci, bir xala malik Avstraliya üçüncü, aktivində xal olmayan Peru yığması isə dördüncü yeri tutur.

Qrup mərhələsinin üçüncü turunda Peru Avstraliya ilə, Fransa isə Danimarka ilə qarşılaşacaq.

Qeyd edək ki, 1930-cu ildə ilk dünya çempionatında iştirak edən dörd Avropa təmsilçisindən biri olan Fransa yığması indiyədək 14 dəfə mundiallarda yer alıb. 1998-ci ildə dünya çempionu adını qazanan Fransa millisi 2006-cı ildə finalda İtaliyaya uduzub. Komanda 1958-ci və 1986-cı illərdə dünya çempionatlarının bürünc medallarını qazanıb. 1958-ci ildə Fransa millisinin hücumçusu Jüst Fonten 13 qolla çempionatın bombardiri olub. O, bir çempionatda ən çox qol vuran futbolçu rekordunu bu günədək özündə saxlayır.

Dünya çempionatına 36 illik fasilədən sonra vəsiqə qazanan Peru yığması mundiallarda Fransa ilə ilk dəfə qarşılaşıb. Peru millisinin dünya çempionatlarında ən yüksək göstəricisi iki dəfə dörddəbir final mərhələsinə yüksəlməsi olub (1970, 1978).

Xatırladaq ki, dünya çempionatının səkkizinci günün sonuncu oyunu saat 22:00-da başlayacaq. Mundialın ən maraqlı qarşılaşmalarından biri olan Argentina-Xorvatiya matçı İdman Azərbaycan kanalında yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.