"Apple" şirkətinin banisi Stiv Cobs vəfat etmişdir
Bakı, 6 oktyabr (AZƏRTAC). ABŞ-ın "Apple" korporasiyasının banisi və yaradıcısı Stiv Pol Cobs 57 yaşında vəfat etmişdir. O, 2011-ci ilin avqustuna qədər mərkəzi ofisi Kaliforniya ştatının Kupertino şəhərində yerləşən "Apple" şirkətinin rəhbəri olmuşdur.
"Apple" Direktorlar Şurasının bəyanatında deyilmişdir ki, Stiv Cobsun dünyasını dəyişməsi onları çox kədərləndirir. Cobs əla xüsusiyyətlər, enerji, bütün insanların həyatını zənginləşdirmək və yaxşılaşdırmağa yönəlmiş sonsuz innovasiyalar mənbəyi idi. Çağdaş dünya Stivin sayəsində qat-qat yaxşı olmuşdur.
Stiv Cobsun xanımı və digər ailə üzvləri həyatının son anlarınadək onun yanında olmuşlar.
Stiv Cobs 1955-ci il fevralın 24-də ABŞ-ın Kaliforniya ştatının Mauntin-Vyu şəhərində doğulmuşdur. Məktəbi bitirəndən sonra Oreqon ştatının Portland şəhər kollecinə daxil olmuşdur. Amma pis oxuduğundan elə ilk semestrdən kollecdən xaric edilmişdir.
S.Cobs 1976-cı ildə "Apple" şirkətini yaradıb və kompüter istehsal etməyə başlamışdır. O dövr üçün "Apple"in məhsulları çox keyfiyyətli olsa da, şirkətin işləri yaxşı getmirdi. Nəticədə Cobs 1985-ci ildə "Apple"in prezidenti Con Skalli ilə dalaşaraq şirkəti tərk etmişdir.
Şirkət 1990-cı illərin ortalarında iflas ərəfəsində olan "Apple"i Cobsun qayıdışı xilas etmişdir. 1997-ci ildə "Microsoft" korporasiyası ilə bağlanmış anlaşmanın şərtlərinə görə, Bill Geyts "Apple"yə 150 milyon dollar investiya yatırdı və "Macintoch" kompüterləri üçün ofis proqramları istehsal etdi.
Həmin dönəmdən etibarən Cobs "Apple"i innovasiya korporasiyasına çevirdi. Şirkətin "iPhone", "iPad" və "iPod" kimi məhsulları çağdaş texnologiyaların simasını dəyişdi. Cobsun rəhbərliyi ilə "Apple" dünyanın ən bahalı şirkətinə çevrildi.
2003-cü ildə S.Cobsun mədəaltı vəzisində xərçəng şişi aşkarlanmış, 2004-cü ildə isə onun üzərində cərrahi əməliyyat aparılmışdı.
2009-cu ildə həkimlər Cobsun qaraciyərində də xərçəng şişi müəyyən etmişlər. S.Cobs qaraciyər transplantasiyasına məruz qalsa da, onun orqanizmi transplantantı qəbul etmədi və yeni qaraciyər qopmağa başladı. Müalicə dövründə Cobs "Apple"i evdən idarə edirdi.
2011-ci ilin yanvarda isə o, şirkəti tərk edərək fasiləsiz məzuniyyətə çıxmışdır.
Həkimlər Cobsa yardım edə bilmədiklərindən "Apple"in rəhbəri postunu avqustda Tim Kuk tutmuşdur.
Stif Cobsun 5 milyard dollarlıq varidatı vardır.