"Öyrədərək öyrənirəm" layihəsi çərçivəsində Ağdam Teatrında təlimlər keçirilib
Ağdam, 2 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Mədəniyyət Nazirliyinin regionlarda teatr prosesinin canlanmasına, teatr sahəsində kadrların peşəkarlıq səviyyəsinin artırılmasına yönəlmiş layihələrindən biri olan "Öyrədərək öyrənirəm" layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə rejissor Fuad Cavadzadənin Ağdam Dövlət Dram Teatrında “Aktyorun öz təbiətinin açılmasından obrazın yaradılmasına qədər olan yol. K.S.Stanislavski sisteminin psixofiziki mərhələləri” mövzusunda təlimləri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir ay davam edən ustad dərslərinin praktik və nəzəri biliklərinin təkmilləşdirilməsi məqsədilə yaradıcı kollektivlə M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və dərviş Məstəli şah Cadükuni-Məşhur” pyesi əsasında “Müsyö Jordanın Qarabağ sərgüzəştləri” adlı tamaşa hazırlanaraq ictimaiyyətə təqdim olunub.
Yeni yaradıcılıq işinin quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Müşviq Qarayev, geyim üzrə rəssamı Qönçə Həzizadə, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşu Şükür Həsənzadə, rejissor assistenti Ceyhun Yusifovdur.
Tamaşada aktyorlar Kərim Həsənov, Anar Əhməd, Zərifə Ağayeva , Fərhad Fərhadzadə, Afərdə Əhmədova, Ramil Hüseynzadə, Xəyalə Xudadatova, Camal Zamanov, Qalib Abdullazadə, Behbud Əsgərov, Turan Nərimanov, Yusif Ziyadlı iştirak ediblər.