İQTİSADİYYAT
"Standard&Poor's" agentliyi "PAŞA Bank"ın reytinqini təsdiqləyib
Bakı, 20 fevral, AZƏRTAC
"Standard&Poor's" beynəlxalq reytinq agentliyi Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank"ın reytinqini təsdiqləyib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, emitent defoltunun uzunmüddətli reytinqi ("EDR") "ВВ-" səviyyəsində, qısamüddətli EDR isə "В" səviyyəsində təsdiqlənib.
"Standard&Poor's" hesabatında qeyd edir ki, "PAŞA Bank" Azərbaycanın bank sektoru üçün mühüm rol oynayır. "PAŞA Bank"ın dayanıqlı bazar mövqeyi və əhəmiyyətli kapital ehtiyatı bankın bazarda sabit mövqeyini təmin edir.
"PAŞA Bank"ın idarə heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, reytinqin bir daha təsdiqi bankın beynəlxalq maliyyə ictimaiyyəti tərəfindən müsbət qarşılandığını nümayiş etdirir.
Qeyd edək ki, "Standard&Poor's" agentliyi tərəfindən "PAŞA Bank"a verilmiş reytinq 100 faiz yerli kapitala malik olan Azərbaycanın bütün özəl bankları arasında ən yüksək reytinqlərdən biridir.