"Startap günləri" layihəsinə start verilib
Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə Azərbaycan İnternet Forumu tərəfindən reallaşdırılan “Startap günləri” layihəsinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz layihənin ölkəmizdə innovasiya fəaliyyətinin təşviqi, paytaxt və region gənclərinin yeni ideyalarının üzə çıxarılması, startap mühitinin yaxşılaşdırılması, o cümlədən innovasiya ekosisteminin bütün üzvləri üçün əlverişli mühitin yaradılması işinə dəstək olmaq məqsədi daşıdığını qeyd edib: “Layihə internet biznesinin, innovasiyaların, startap hərəkatının güclənməsinə, maarifçilik işlərinin təşkilinə, startapçıların formalaşmasına və şəbəkələşməsinə xidmət edir. Dünyada bu layihənin analoqu “Startap weekend” adlanır. Startap ekosisteminin inkişaf etdirilməsində gənclərin, tələbələrin rolu böyükdür. Ona görə də təxminən 10 təhsil müəssisəsində “Startap günləri”nin keçirilməsi nəzərdə tutulub. O cümlədən regionlarda Gəncənin, Naxçıvan Muxtar Respublikasının bir neçə universitetində “Startap günləri”nin keçirilməsi planlaşdırılıb. Layihə üç ay davam edəcək”.
Bildirilib ki, universitetlərdə keçirilən “Startap günləri”ndə biznes ideyaları yarışlarına üstünlük veriləcək. Yəni, tələbələr öz biznes ideyalarını irəli sürəcəklər. Bu ideyaların yarışması keçiriləcək və startap komandaları formalaşacaq. Həmin komandalar öz layihələrinin ilkin versiyalarını, prototiplərini təqdim edəcəklər. Ekspertlər bu layihələri qiymətləndirəndən sonra “Startap Azərbaycan” yekun konfransı keçiriləcək. Layihə Azərbaycanda startap ekosisteminin formalaşmasını sürətləndirəcək, gənclərin bu sahəyə daha çox meyil etməsinə imkan yaradacaq, eyni zamanda, ölkədə rəqəmsal sahibkarlığın inkişafına xeyli kömək edəcək. Layihədə təxminən 500-dən çox tələbənin birbaşa iştirakı gözlənilir.
Ekspertlərin köməyi ilə təlimlər də keçiriləcək. Təlimlərdə iştirak sərbəstdir. Belə ki, universitetlərin tələbələrindən əlavə, qonşu təhsil müəssisələrinin gəncləri də təlimlərdə iştirak edə biləcəklər. Sonra seçilmiş ideyaların biznesə çevrilməsi üçün “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində fəaliyyət davam etdiriləcək.