MƏDƏNİYYƏT
Abidələrimiz qоrunaraq nəsildən-nəslə çatdırılmalıdır
Bakı, 18 aprel (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Azərbaycan xalqının maddi-mədəniyyət yadigarları: tarixi abidələr” mövzusunda tədbir keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev 1983-cü ildə UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis olunmuş və bütün dünyada qeyd olunan 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün əhəmiyyətindən söz açmışdır.
Tarixi-mədəniyyət abidələrinin öyrənilməsi, təbliği, qоrunması və bərpası istiqamətində görülən işlər haqqında ətraflı məlumat verən akademik xüsusi olaraq ümummilli lider Heydər Əliyevin 1998-ci il 10 aprel tarixli “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və bu sənədin tətbiq edilməsi ilə bağlı 1998-ci il 13 iyun tarixli fərmanlarını nəzərə çarpdırmışdır. Akademik demişdir ki, bu gün mövcud olan abidələrdə tədqiqatlar aparılmalı, bununla bağlı kitab, monoqrafiya nəşr etdirilməli, məlum olmayan abidələr üzə çıxarılıb tədqiq edilməli, qədim аrxeoloji, tarixi, memarlıq, təbiət və mədəniyyət abidələrimiz qоrunaraq nəsildən-nəslə çatdırılmalıdır.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, akademiyanın müxbir üzvü Vəli Baxşəliyev “Azərbaycan xalqının maddi-mədəniyyət yadigarları: tarixi abidələr” mövzusunda məruzə ilə çıxış etmişdir.
Tədbirdə Naxçıvan ərazisində оlan maddi-mədəniyyət abidələri ilə bağlı vidеоçarx nümayiş etdirilmişdir.