ABŞ AZƏRBAYCANDA QİDA TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİNDƏ MARAQLIDIR
AZƏRTAC xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) “Azərbaycanda Ticarət və İnvestisiya İslahatlarına Dəstək” layihəsi (TİRSP), ABŞ-ın Kənd Təsərrüfatı Departamenti (USDA) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə aprelin 28-də “Crescent Beach” mehmanxanasında “Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi üzrə tənzimləyici yoxlama qaydaları” mövzusunda beşgünlük təlim işə başlamışdır.
Təlimdə İqtisadi İnkişaf, Kənd Təsərrüfatı, Səhiyyə nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin (SMPDA), eləcə də sənayenin müxtəlif sahələrinin nümayəndələri, qeyri-hökumət təşkilatlarının əməkdaşları iştirak edirlər.
USAİD-ın iqtisadi proqramlar rəhbəri Pol Davis, ABŞ Kənd Təsərrüfatı Departamenti nəzdində Xarici xidmətlər bölməsinin Avrasiya regional əlaqələndiricisi xanım Veronika Priddi, SMPDA-nın beynəlxalq əlaqələr sektorunun müdiri Sabiq Abdullayev və Səhiyyə Nazirliyi Hava Nəqliyyyatında Gigiyena və Epidemiologiya Mərkəzinin həkimi Hacıbəy Hacıyev qida təhlükəsizliyi sahəsində yoxlamaların ictimai səhiyyənin qorunmasındakı mühüm rolunu diqqətə çatdırmışlar. Bildirilmişdir ki, hər il inkişaf etməkdə olan ölkələr qida mənşəli xəstəliklərdən iki milyondan artıq insan itirir. Beynəlxalq qida təhlükəsizliyi standartlarına əməl olunması, həmçinin Dünya Ticarət Təşkilatına qəbul tələblərini ödəməyin və Azərbaycanın kənd təsərrüfatı sahəsinin rəqabətə davamlılığının artırılmasının ilkin şərtidir.
Tədbir beynəlxalq standart və normalara uyğun olan qida təhlükəsizliyi üzrə tənzimləyici yoxlama qaydalarının aparılmasında, ictimai səhiyyənin qorunmasında, Azərbaycan məhsullarının təhlükəsizliyi barədə zəmin yaradılmasında dövlət və özəl sektorda qida təhlükəsizliyi tərəfdaşlarının potensialını möhkəmləndirəcəkdir. Təlimdə təftişlərin cədvəlinin tərtib olunması və həyata keçirilməsinə, təhlükəli şərtlər altında istehsal olunmuş məhsulla nə etmək lazım olduğunun müəyyənləşdirilməsinin praktiki cəhətlərinə və s. diqqət yetiriləcəkdir.
Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar veriləcəkdir.
İkinci belə bir təlimin mayın 5-dən 7-dək Gəncə şəhərində keçiriləcəyi diqqətə çatdırılmışdır. Həm Bakı, həm də Gəncə təlimlərinə yerli emal şirkətlərində və pərakəndə ərzaq satışı müəssisələrində birgünlük təftişin keçirilməsi də daxildir.
Tədbirdə ABŞ hökumətinin ərzaq təhlükəsizliyi üzrə mütəxəssislərinin “Beynəlxalq qida təhlükəsizliyi tələbləri” mövzusunda məruzələri dinlənilmiş və iştirakçıların sualları cavablandırılmışdır.
Təlim mayın 2-də başa çatacaqdır.