SİYASƏT
ABŞ-da yəhudi icmasının nüfuzlu və genişmiqyaslı toplantısında Azərbaycanla bağlı müzakirələr keçirilmişdir
Vaşinqton, 3 mart (AZƏRTAC). Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Amerika-İsrail İctimai Əlaqələr üzrə komitənin (The American Israel Public Affairs Committee) ənənəvi illik siyasi konfransında geniş auditoriya qarşısında çıxış etmişdir. Konfrans çərçivəsində Yaxın Şərq siyasəti üzrə Vaşinqton İnstitutunun Türkiyə araşdırmaları proqramının direktoru Söner Cağatayın moderatorluğu ilə keçirilmiş “Yeni müttəfiqlər: İsrail və Cənubi Qafqaz regionu” mövzusundakı müzakirələrin digər iştirakçıları Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun nəzdində fəaliyyət göstərən İpək Yolu Araşdırmaları proqramının direktoru Svante Kornell və Hayfa Universitetinin baş mühazirəçisi Brenda Şaffer olmuşlar.
Əvvəlcə Azərbaycan ilə ABŞ-ın münasibətləri haqqında məlumat verən səfir E.Süleymanov hər iki dövlətin enerji və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahələrində yaxından əməkdaşlıq etdiklərini bildirmiş, regional inkişafı və inteqrasiyanı sürətləndirəcək enerji layihələrinin reallaşmasında ABŞ-ın siyasi dəstəyinin vacib olduğunu vurğulamışdır.
Səfir Azərbaycan ilə İsrailin ikitərəfli münasibətlərinin tarixindən danışmış, bu münasibətlərin strateji müttəfiqlik xarakter almasında Azərbaycanda məskunlaşmış yəhudi icmasının yerli xalqla yaxşı münasibətlərin rolunun danılmaz olduğunu bildirmişdir.
Əhalisinin əksəriyyətinin müsəlman olduğu ölkədə yəhudilərin dinc, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadığını qeyd edən səfir yəhudi icması nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlılarla çiyin-çiyinə vuruşaraq qəhrəmanlıq göstərdiyini və bunun Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacağını qeyd etmişdir.
Hazırda İsrailin enerji resurslarına olan tələbatının 40 faizinin Azərbaycan tərəfindən ödənildiyini bildirən səfir yüksək səviyyəli rəsmi səfərlərin münasibətlərin daha da dərinləşməsi baxımından önəmliyini qeyd etmiş, İsrailin Prezidenti və xarici işlər nazirinin ölkəmizə səfərlərini xatırlatmışdır.
Etnik və dini rəngarəngliyin Azərbaycan dövlətinin milli sərvəti olduğunu diqqətə çatdıran diplomat tolerantlığın təşviqinə ölkə rəhbərliyi tərəfindən daim xüsusi qayğı göstərildiyini vurğulamış, Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoq üçün nümunəvi platformaya çevrildiyini demişdir.
Daha sonra çıxış edən S.Kornell və B.Şaffer beynəlxalq arenada baş verən siyasi proseslər fonunda region dövlətlərinin xarici siyasət istiqamətlərini təhlil etmişlər.
ABŞ-dakı yəhudi icmasının genişmiqyaslı toplantısı olan illik siyasi konfransda bütün ştatlardan on üç mindən çox nümayəndə iştirak etmişdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton