ABŞ DÖVLƏT DEPARTAMENTİNİN XƏZƏR HÖVZƏSİNİN ENERJİ DİPLOMATİYASI ÜZRƏ MÜŞAVİRİ, SƏFİR STİVEN MƏNNİN ÇIXIŞI
Hörmətli cənab Saakaşvili!
Xanımlar və cənablar!
Bu gün çox tarixi bir gündür. Biz “qızıl qaynağın” təntənəli mərasimini keçiririk. Bu, həm də iki ölkənin əməkdaşlığının nümunəsidir və onları, habelə Türkiyəni birləşdirir. Bundan başqa, Bakı-Tbilisi-Ceyhan layihəsi region ölkələrini bütün dünyaya birləşdirir. Artıq on ildir ki, bu layihə həyata keçirilməkdədir və çoxlu böyük texniki nailiyyətlər əldə olunmuşdur. Biz qeyri-adi səviyyədə inşaat-mühəndis uğurları əldə etmişik. Dünya standartlarına uyğun şəkildə 1700 kilometrdən çox ərazidə boru kəməri çəkilir. Layihənin həyata keçirilməsində Amerika Birləşmiş Ştatları da öz dəstəyini göstərmişdir. Mən öz dövlətimin adından burada iştirak etməyimdən böyük şərəf hissi duyuram. Eyni zamanda qeyd etmək istəyirəm ki, bp şirkəti əvvəldən başlayaraq, bu layihənin həyata keçirilməsində böyük səylər göstərmişdir. Kəmərin inşasında artıq böyük irəliləyiş əldə olunmşudur. Onu da demək istəyirəm ki, Bakı-Tbilisi-Ceyhan layihəsi yalnız texniki layihə deyildir. Bu, həm də ticarət əlaqələrinin qurulması və siyasi razılıqların əldə edilməsi deməkdir. Layihə Avrasiya məkanında böyük enerji siyasətinin həyata keçirilməsinə kömək edir. Demək olar ki, bu, dünya miqyaslı tərəfdaşlıq nümunəsidir. Layihə, habelə beynəlxalq səviyyədə ətraf mühitin qorunması texnologiyasını təcəssüm etdirir. Sosial əlaqələrin, biznes dairələri ilə ətrafda yaşayan insanlar arasında münasibətlərin qurulması amilini də əks etdirir. Bakı-Tbilisi-Ceyhan layihəsi dünyanın bu sahədə həyata keçirdiyi proqramlar arasında irəliyə atılan daha bir addımdır.
Cənab Prezident Saakaşvili, mən istərdim Sizə öz dövlətimin adından və öz adımdan salamlarımı çatdırım. Sizin və komandanızın ən çətin vaxtda göstərdiyiniz səylər üçün təşəkkürümü bildirirəm.
Cənab Prezident İlham Əliyev, istəyirəm, həmişə olduğu kimi, Sizə də təşəkkürümü bildirəm. İlk növbədə, hər zaman bu layihəyə böyük diqqət göstərdiyinizə və bu layihəni davam etdirdiyinizə görə Sizə minnətdaram.
Mən, habelə Devid Vudvorda, Natiq Əliyevə öz təşəkkürümü bildirirəm, onlar bu layihənin həyata keçirilməsində həmişə bir yerdə olmuşlar. Artıq biz burada fəxrlə deyə bilərik ki, konsorsiumlar və şirkətlər bu layihənin həyata keçirilməsində böyük nailiyyətlər əldə etmişlər. Sizin hamınıza təbriklərimi çatdırıram.