SİYASƏT
ABŞ HÖKUMƏTİ YASİR ƏRƏFATIN FƏLƏSTİNDƏN ÇIXARILMASI QƏRARINI SƏHV ADDIM HESAB EDİR
AZƏRTAC-ın Vaşinqtondan aldığı xəbərə görə, Corc Buş hökuməti hesab edir ki, Fələstin Milli Muxtariyyətinin başçısı Yasir Ərəfatın ölkənin hüdudlarından kənara çıxarılması haqqında İsrailin qərarı səhvdir. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Riçard Bauçer bildirmişdir ki, bu addım Yaxın Şərqdə vəziyyətin nizama salınmasına kömək etməyəcəkdir.
Amerika diplomatı Vaşinqtonun mövqeyini bununla əsaslandırmışdır ki, Yasir Ərəfat deportasiya olunarsa, xaricdə “özünə yeni fəaliyyət sahəsi tapacaqdır”. ABŞ əvvəllər də dəfələrlə bildirmişdir ki, Ərəfatın ölkədən qovulması onun digər ölkələrin liderləri ilə daha sərbəst görüşməsinə və beynəlxalq aləmdə açıq çıxış etməsinə imkan verəcəkdir. Bauçer vurğulamışdır ki, Buş hökumətinin rəyi Ariel Şaron hökumətinə məlumdur. Amma, görünür, İsrail hökuməti özünün əsas müttəfiqinin fikirlərini qulaqardına vuraraq, öz “prinsipial qərar”ını qəbul etmişdir.