ABŞ-ın Arizona ştatının konqresmenləri Azərbaycan Diplomatik Akademiyasında olmuşlar
Bakı, 13 noyabr (AZƏRTAC). Noyabrın 13-də ABŞ-ın Arizona ştatının konqresmenlərindən ibarət nümayəndə heyəti Azərbaycan Diplomatik Akademiyasında olmuşdur. Bu barədə ADA-nın mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilmişdir.
Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev görüşdə konqresmenlərə ADA-nın tarixi, fəaliyyəti, strukturu və gələcək planları barədə məlumat vermişdir.
Konqresmenlər ADA-nın Azərbaycanın təhsil sisteminə gətirdiyi yeniliklərlə maraqlanmışlar. Onlar, həmçinin tələbə həyatı, tələbələrin asudə vaxtlarının təşkili, ADA-nın professor və müəllim heyəti haqqında məlumatlandırılmış, akademiyanın kampusu ilə də tanış olmuşlar.