Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub
Balakən, 14 iyun, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatının inzibati binasında 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səslənib.
Konfransda məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatının sədri Azad Balayev bildirib ki, tariximizin şanlı səhifələrindən biri olan Milli Qurtuluş Günü ölkəmizin gerçək müstəqilliyinin qorunub saxlanılmasını, vətəndaş qarşıdurmasından xilas olaraq sabitlik və inkişaf yoluna qədəm qoymasını təmin edən taleyüklü dönüş nöqtəsi kimi yaddaşlara əbədi həkk olunub. O qeyd edib ki, 1993–2003-cü illərdə ölkəyə rəhbərlik etmiş dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan dövlətçiliyi möhkəmlənib, milli müstəqillik qorunub və inkişafın möhkəm təməli yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Liderin siyasətinin tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və müasir çağırışlara uyğun şəkildə davam etdirilməsi Azərbaycanı davamlı inkişaf yoluna çıxarıb.
Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev qurtuluş missiyası ilə xalqımızı, ölkəmizi sürükləndiyi bəlalardan, məhv olmaq təhlükəsindən qurtarıb, 44 günlük Vətən müharibəsində isə xilaskarlıq missiyası ilə Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızı 30 illik işğaldan azad edərək xalqımıza zəfər bəxş edib.
Digər çıxış edənlər rayon Ağsaqqallar Şurasının üzvü Meysarat Qaysayeva, Hənifə kənd tam orta ümumtəhsil məktəbinin direktoru Cavanşir Alqayev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Cavanşir İsmayılov, hərbi jurnalist Şaban Daşdəmirov, rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşı Fuad Mikayılov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs ediblər.
Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən partiya veteranlarına hədiyyələr, eyni zamanda yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilib.
Müxbir - Rasim İslamoğlu