ELM VƏ TƏHSİL
ABŞ-ın məşhur amazon.com saytında professor Səməd Seyidovun kitabı haqqında məlumat yerləşdirilmişdir
Bakı, 10 aprel (AZƏRTAC). Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun “Yaradıcılığın fenomenologiyası: tarix, paradokslar, şəxsiyyət” kitabı ABŞ-da və Böyük Britaniyada ingilis dilində nəşr olunmuşdur.
ADU-dan AZƏRTAC-a bildirmişlər ki, ABŞ-ın məşhur və nüfuzlu amazon.com saytında azərbaycanlı alimin kitabı haqqında məlumat yerləşdirilmişdir.
Professor S.Seyidovun “Yaradıcılığın fenomenologiyası: tarix, paradokslar, şəxsiyyət” kitabı ilk dəfə 2009-cu ildə rus dilində, 2011-ci ildə isə Azərbaycan dilində nəşr olunmuşdur. Kitabın rəyçiləri Rusiya Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor A.Dmitriyev və psixologiya elmləri doktoru, professor Q.Yefremovadır.
Yerli və beynəlxalq nəşriyyatlarda çap edilmiş 100-dən çox elmi məqalənin, dərslik və monoqrafiyanın müəllifi olan S.Seyidov Gürcüstan Təhsil Elmləri Akademiyasının fəxri akademiki, Latviya Elmlər Akademiyasının Beynəlxalq Alimlər Şurasının və ABŞ Psixoloqlar Assosiasiyasının üzvüdür. Alim Azərbaycan və Fransa arasında humanitar və elmi əlaqələrin inkişafında töhfələrinə görə 2011-ci ildə Fransanın “Fəxri Legion” ordeni ilə təltif olunmuşdur.