SİYASƏT
ABŞ-ın Montana ştatında yayımlanan qəzetdə Azərbaycan səfirinin Tomas Qolts haqqında məqaləsi dərc olunub
![ABŞ-ın Montana ştatında yayımlanan qəzetdə Azərbaycan səfirinin Tomas Qolts haqqında məqaləsi dərc olunub](/files/2023/2/1200x630/16920355246548141928_1200x630.jpg)
Bakı, 14 avqust, AZƏRTAC
ABŞ-ın Montana ştatında yayımlanan “Bozeman Daily Chronicle” qəzetində Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun məşhur jurnalist, yazıçı, publisist, Azərbaycanın böyük dostu Tomas Qoltsun xatirəsinə həsr etdiyi məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Tomas Qoltsun çətin günlərdə xalqımızla həmrəy olduğu vurğulanıb, Azərbaycanın informasiya blokadası ilə üzləşdiyi dövrdə ölkəmizlə bağlı həqiqətlərin, Ermənistanın hərbi təcavüzünün, Xocalı qətliamının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında böyük rol oynadığı bildirilib. “Tomas Qolts ən çətin günlərimizdə bizimlə qaldı və gözləri önündə baş verən faciəyə laqeyd dünyanı oyatmaq üçün mediaya xəbərlər təqdim etdi. O, daha sonra dostu, mərhum Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın yenidən dirçəlişinin şahidi oldu və hər dəfə Azərbaycanın ayaq üstə daha möhkəm dayandığını görəndə rahat nəfəs aldı. Müəyyən mənada Azərbaycan bizim qədər onun da xalqı idi”, - deyə məqalədə vurğulanıb.
Yazıda Tomas Qoltsun Birinci Qarabağ müharibəsi zamanı cəbhə bölgəsinə getdiyi, eləcə də məcburi köçkünlərin məskunlaşdıqları çadır şəhərciklərini ziyarət etdiyi vurğulanıb. Həmişə ədalətin yorulmaz müdafiəçisi kimi çıxış edən Tomas Qoltsun müəllifi olduğu “Azərbaycan gündəliyi” əsərində ölkəmizlə bağlı həqiqətləri obyektiv şəkildə oxucuların diqqətinə çatdırdığı bildirilib.
Məqalədə vəfatından qısa müddət öncə yazıçının işğaldan azad edilmiş Şuşa şəhərinə səfəri və Prezident İlham Əliyev ilə görüşü, onun fəaliyyətinin dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilməsi qeyd olunub.