SİYASƏT
ABŞ-ın ölkəmizdəki səfiri Azərbaycan Dövlət İqtisad Universitetində olmuşdur
Bakı, 13 noyabr (AZƏRTAC). Noyabrın 13-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olmuşdur.
AZƏRTAC xəbər verir ki, professor-müəllim heyəti və tələbələrlə keçirilən görüşdə ADİU-nun rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev diplomatın həyat və fəaliyyətindən, qazandığı uğurlardan danışmışdır.
R.Morninqstar ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini söyləmiş, respublikamızın son illər qazandığı nailiyyətləri xüsusi vurğulamışdır. Bu ali təhsil ocağında görülmüş işlərin onda çox dərin təəssüratlar oyatdığını qeyd edən səfir ADİU-nun tələbələrinin mübadilə proqramları çərçivəsində ABŞ-da təhsil almasını yüksək qiymətləndirmiş, proqramlarda iştirak edən tələbələrin sayının getdikcə artacağına ümidvar olduğunu bildirmişdir.
İqtisadi məsələlərə toxunan səfir ABŞ-ın Azərbaycanla əlaqələrinin 3 əsas istiqamət (enerji təhlükəsizliyi - iqtisadiyyatın şaxələndirilməsi, demokratiya və insan haqları məsələləri və təhlükəsizlik sahəsində əməkdaşlıq) üzərində qurulduğunu bildirmişdir.
Çıxışını “Azərbaycanda islahatlar və inkişafa dəstək” mövzusunda davam etdirən diplomat qeyd etmişdir ki, ABŞ enerji təhlükəsizliyi sahəsində Azərbaycanın güclü tərəfdaşıdır. Biz “Şahdəniz-2” layihəsini çox fəal şəkildə dəstəkləyirik və bu sahədə artıq irəliləyişlər vardır. İnanırıq ki, ilin sonunadək yekun sərmayələrlə bağlı qərar veriləcəkdir. ABŞ-ın bu ölkədə iqtisadi fəaliyyəti yalnız enerji təhlükəsizliyi sahəsi ilə məhdudlaşmır. Biz Azərbaycanda uzunmüddətli iqtisadi sabitliyə və inkişafa nail olmaq üçün çox mühüm əhəmiyyət kəsb edən iqtisadiyyatın şaxələndirilməsinə kömək göstərmək işinə sadiqik. Kənd təsərrüfatı, nəqliyyat və informasiya kommunikasiya texnologiyaları sahəsində də əlaqələrimiz mövcuddur. Bundan əlavə, Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük prosesini dəstəkləyirik.
Amerikalı diplomat tədbirin təşkilatçılarına minnətdarlığını bildirmiş, ADİU ilə ABŞ səfirliyi arasında əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini ifadə etmişdir.
R.Morninqstar iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.