SİYASƏT
ABŞ KONQRESİNDƏ XƏZƏRƏ DAİR MÜZAKİRƏ KEÇİRİLMİŞDİR
Aprelin 11-də ABŞ Konqresində “Xəzər enerjisi: iqtisadi, siyasi və ekoloji aspektlər” mövzusunda müzakirə keçirilmişdir. Tədbirdə ABŞ-ın və Türkiyənin müxtəlif agentliklərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, iş adamları iştirak etmişlər.
Dövlət departamentinin nümayəndəsi Castin Fridman Xəzər bölgəsi ilə bağlı ölkəsinin xarici siyasət prioritetlərini açıqlayaraq bildirmişdir ki, ABŞ üçün bu sahədə dörd əsas element mövcuddur: Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Şahdəniz” və ya Cənubi Qafqaz qaz kəməri layihələrinə dəstək vermək, Aktau-Bakı neft əlaqəsinin və Yunanıstan-Türkiyə qaz əlaqəsinin yaranmasına səy göstərmək. ABŞ tərəfinin BTC layihəsində iştirakını təsvir edən cənab Fridman demişdir ki, əgər layihə Amerika sahibkarlarının sərmayə qoymasına uyğun gəlsə, OPEK siyasi riskdən təminat verəcəkdir.
Müzakirədə Azərbaycan-Amerika Şurasının prezidenti Ceyhun Mollazadə də çıxış etmişdir. O, 11 sentyabr hadisələrindən sonra Xəzər bölgəsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək xatırlatmışdır ki, demokratik, dünyəvi, müasir müsəlman dövləti kimi Azərbaycan digər müsəlman ölkələrinə və Yaxın Şərqə nümunə ola bilər. Mollazadə Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin bölgənin ümumi inkişafına mənfi təsir göstərdiyini də vurğulamışdır.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton