Ölkəmizdə ukraynalı uşaqlara reabilitasiya xidmətləri göstərilir
Bakı, 8 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan ölkəmizə gətirilmiş daha 30 uşaq reabilitasiya xidmətləri ilə əhatə olunublar.
Bu barədə AZƏRTAC-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, ilk mərhələdə onlar nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində müayinədən keçirilib və hər biri üçün fərdi reabilitasiya proqramı tərtib edilib.
Bu proqram əsasında onlar üçün emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarına dəstək məqsədilə fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiya məşğələləri keçirilir. Həmçinin uşaqlara müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və s. reabilitasiya xidmətləri göstərilir.
Ongünlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqlar üçün asudə vaxtlarının maraqlı keçməsi üçün tarixi yerlərə, muzeylərə ekskursiyaların, stolüstü oyunların, yarışların və digər tədbirlərin təşkili də nəzərdə tutulur.