Dilçilik İnstitutunun şöbələri yarımillik hesabat verib
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 8-də AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, iclasda institutun şöbələrində elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin yarımillik vəziyyəti müzakirə olunub.
İclası institutun direktoru professor Nadir Məmmədli açaraq bildirib ki, Prezident İlham Əliyevin ana dili və onun qorunması ilə bağlı çıxışları Azərbaycan dilinin dövlət səviyyəsində inkişafına və tədqiqinə göstərilən yüksək diqqətin bariz ifadəsidir. Bu sahədə görülən işlər dövlət dil siyasətinin uğurla həyata keçirilməsinə, Azərbaycan dilinin elmi əsaslarla araşdırılmasına və onun cəmiyyətdə nüfuzunun daha da gücləndirilməsinə xidmət edir.
Professor bildirib ki, Azərbaycan dilçiliyinin aktual problemlərinin araşdırılması, elmi nəticələrin beynəlxalq elmi mühitə inteqrasiyası və ana dili ilə bağlı mediada çıxışların təşkil olunması institutun qarşısında duran əsas vəzifələrdəndir.
Sonra elmi katib filologiya elmləri doktoru Aynel Məşədiyeva gündəlikdəki məsələlərlə şura üzvlərini tanış edib.
Şöbə müdirləri rəhbərlik etdikləri şöbələrin fəaliyyəti barədə hesabat xarakterli təqdimatlarla çıxış ediblər.
Təqdimatlarda cari ilin ilk yarısında həyata keçirilən elmi-tədqiqat işləri, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, hesabat dövründə Azərbaycan dilinin müxtəlif istiqamətlərdə tədqiqi, türkologiya, terminologiya, dialektologiya, leksikologiya, dil tarixi və digər sahələr üzrə araşdırmalar davam etdirilib. Eyni zamanda, institut əməkdaşlarının nüfuzlu elmi nəşrlərdə məqalələrinin çap olunması və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi istiqamətində müsbət nəticələr əldə edilib.
İclasın sonunda şöbələrdə elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin yarımillik vəziyyəti qənaətbəxş qiymətləndirilib, qarşıdakı dönəm üçün müvafiq tapşırıqlar və tövsiyələr verilib.
Sonra Tətbiqi dilçilik, Azərbaycan dilinin tarixi, Müasir Azərbaycan dili və nitq mədəniyyəti və digər şöbələr üzrə seçkilər keçirilib.