ABŞ KONQRESİNİN ÜZVLƏRİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN YUBİLEYİNİ QEYD ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi ABŞ Konqresində də qeyd olunmuşdur. Bununla bağlı Konqresdə Azərbaycan məsələləri üzrə işçi qrupunun üzvləri, İndiana ştatından respublikaçı Dən Barton və Texas ştatının demokrat təmsilçisi Eddi Bernis Conson mayın 7-də Nümayəndələr palatasında bəyanatlarla çıxış etmişlər.
Konqres üzvləri Heydər Əliyevin doğum gününün Azərbaycan xalqı üçün mühüm tarix olduğunu vurğulayaraq bildirmişlər ki, 30 ildən çox bir müddətdə Heydər Əliyev əvvəl Sovet İttifaqında, daha sonra isə azad və müstəqil Azərbaycanda qüvvətli və çiçəklənən dövlətin qurulması üçün yorulmadan çalışmışdır. Onun gördüyü böyük işlər sovet hakimiyyətindən sonra Azərbaycanda demokratiyanın kök atması üçün əlverişli zəmin yaratmış, ölkənin bölgədə və beynəlxlaq miqyasda uğur qazanmasının əsasını qoymuşdur. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan üçün ilk illər asan olmamışdır. Belə ki, Sovet İttifaqının süqutu nəticəsində yaranan siyasi və iqtisadi boşluq, rəqabət aparan daxili qüvvələrin çəkişmələrinin doğurduğu gərginlik, torpaqlarının 20 faizinin işğalı və bir milyon insanın qaçqına və məcburi köçkünə çevrilməsi ilə nəticələnən Dağlıq Qarabağ münaqişəsi ölkəni parçalanma təhlükəsi qarşısında qoymuşdu. Çoxları ehtiyatlanırdı ki, 1918-ci ildə yaranmış Xalq Cümhuriyyəti kimi, indi də azadlıq qısa ömürlü olcaq, müstəqil Azərbaycan sadəcə tarixə çevriləcəkdir. Lakin 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev uzaqgörənliklə təcili addımlar atmışdır. O bilirdi ki, dünya ölkələrinin Azərbaycanın müstəqilliyində marağı olsa, ölkənin gələcəyi təmin olunacaqdır. Azərbaycanın zəngin ehtiyatlarına beynəlxalq sərmayələrin yatırılmasını cəlb etmək üçün isə sabitlik zəruri idi. Heydər Əliyev atəşkəsin bərqərar olması üçün Ermənistanla danışıqlar apardı, ölkə parlamentini xarici sərmayələrin cəlb edilməsi üçün qanunlar silsiləsi qəbul etməyə çağırdı. O, ölkəni ABŞ, Qərbi Avropa, Rusiya, Türkiyə sərmayələrinə açdı. Azərbaycan isə, öz növbəsində, Xəzər dənizini neft və qaz hasilatı üzrə beynəlxlaq əməkdaşlığa açan ölkəyə çevrildi. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanandan bəri Azərbaycan Qərbin enerji mənbələrini şaxələndirmək üçün öz enerji ehtiyatlarının işlənilməsini genişləndirmişdir.
Konqresmen Dən Barton çıxışında demişdir: “Heydər Əliyev həyatın özündən böyük, siyasi ustalığa və nüfuza malik olan şəxsiyyət idi. Dövlətlərimiz arasında möhkəm əlaqələrin qurulması onun qətiyyətindən irəli gəlirdi. Bu, heç zaman unudulmayacaqdır. Çox adam Heydər Əliyevi Azərbaycanın ikinci dəfə müstəqillik əldə etdiyi dövrünün ilk qaranlıq illərində ölkənin təhlükəsizliyinin təminatçısı hesab edir. O zaman əksər azərbaycanlılar hiss edirdilər ki, nə qədər Heydər Əliyev hakimiyyətdədir, dövlətə təhlükə olmayacaqdır. İndi bu dövlətin qorunması, güclü, sağlam, mütərəqqi və müstəqil Azərbaycanın qurulması haqda Heydər Əliyevin uzaqgörən siyasətinin davam etdirilməsi gənc nəslin üzərinə düşür. Əgər onlar Heydər Əliyevin irsini davam etdirsələr, şübhəm yoxdur ki, müvəffəqiyyət qazanacaqlar.”
Xanım Eddi Bernis Conson isə bunları vurğulamışdır ki, mərhum Prezident Heydər Əliyevin səylərinin nəticəsidir ki, hazırda Azərbaycan artan iqtisadiyyata malik inkişaf edən demokratiyadır. Respublikanın həyat qabiliyyətinə dair artıq heç bir şübhə qalmamışdır. ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi parlaqdır, çünki hər iki ölkə bölgədə eyni maraqları və eyni dəyərləri bölüşür.