“OPEC+” iyul ayı üçün neft hasilatının artırılmasını təsdiqləyib
Qahirə, 8 iyun, AZƏRTAC
“OPEC+” alyansı iyul ayı üçün neft hasilatı üzrə hasilatın artırılmasını təsdiqləyib. Bu, Hörmüz boğazının bağlanması ilə bağlı yaranmış böhrandan sonra hasilatın ardıcıl dördüncü artımıdır.
AZƏRTAC “əl-Cəzirə”yə istinadla xəbər verir ki, alyansın yaydığı bəyanatda iyul ayından etibarən gündəlik hasilatın təxminən 188 min barel artırılacağı bildirilib. Qeyd edək ki, bu göstərici iyun ayı üçün təsdiqlənmiş artım səviyyəsi ilə eynidir.
Alyans bəyan edib ki, üzv dövlətlər qlobal neft bazarında sabitliyin qorunması məqsədilə ehtiyatlı və çevik siyasət yürütməyə davam edəcəklər.
Qərar qlobal bazarda neft tədarükünün hələ də məhdud olduğu bir vaxta təsadüf edir. Belə ki, dünya neft ticarətinin təxminən beşdə birinin həyata keçirildiyi Hörmüz boğazı vasitəsilə ixracın azalması bazarda çatışmazlığa səbəb olub.
“OPEC”in məlumatlarına görə, alyansın faktiki hasilatı aprel ayında sutkada 33,19 milyon barelə düşüb. Bu, fevral ayında qeydə alınan 42,77 milyon barel göstəricisi ilə müqayisədə xeyli azdır. Azalma, əsasən, Körfəz ölkələrindən daşımalarda yaranan problemlərlə izah olunur.
Alyansın əsas yeddi üzvü – Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Əlcəzair, Qazaxıstan və Oman – aprel-iyun ayları ərzində hasilatı ümumilikdə gündəlik təxminən 600 min barel artırıblar.
Hesablamalara əsasən, yeni qərar 2023-cü ildə qəbul edilmiş könüllü ixtisarlardan gündəlik təxminən 567 min barelin yenidən bazara qaytarılması deməkdir. Bununla yanaşı, Birləşmiş Ərəb Əmirliklərinin gələn aydan etibarən alyansdan çıxmasının da nəzərə alındığı bildirilir.