Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb
Qahirə, 7 iyun, AZƏRTAC
Mərakeşin Fəs şəhərində 29-cu Dünya Sufi Musiqisi Festivalı çərçivəsində Azərbaycan əsilli dünyaşöhrətli musiqiçi Sami Yusufun iştirakı ilə konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, Əlahəzrət Kral VI Məhəmmədin himayəsi ilə təşkil olunan festival çərçivəsindəki budəfəki konsert proqramı müxtəlif ölkələrdən musiqiçiləri bir araya gətirən genişmiqyaslı sənət layihəsi kimi tamaşaçıların böyük marağına səbəb olub.
Sami Yusuf çıxışı zamanı ansamblında Türkiyə, Böyük Britaniya, Fransa, Çin, İordaniya, Azərbaycan və Mərakeşdən olan musiqiçilərin yer aldığını vurğulayaraq, yaradıcılığının universallığını və mədəniyyətlərarası dialoq ideyasını vurğulayıb.
Konsert proqramına ruhu oxşayan məzmunlu əsərlər, sufi motivləri, qədim musiqi irsinin elementləri və müasir kompozisiyalar daxil edilib. Sami Yusufun “Mədəd”, “Mövlanə” və “Hasbi Rabbi” əsərlərinin ifası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb, dinləyicilər bu əsərləri sənətçi ilə birlikdə səsləndiriblər.
Gecənin musiqi palitrasında azərbaycanlı musiqiçilərin iştirakı xüsusi yer tutub. Konsertdə azərbaycanlı musiqiçilər Məqsəd Əzizov (balaban), Zakir Vəliyev (tar), Elvin Novruzov (kamança) və İdris Hüseynovun (ud) virtuoz ifaları konsertin ümumi musiqi ahənginə üzvi şəkildə daxil olaraq proqramın bədii dəyərini daha da artırıb.
Konsertdən sonra Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov səhnə arxasında Sami Yusuf və Azərbaycandan gəlmiş musiqiçilərlə görüşüb. Səfir musiqiçilərin onların peşəkarlıqlarını yüksək qiymətləndirib və onlara möhtəşəm çıxışlarına görə təşəkkürünü bildirib.
Azərbaycanlı musiqiçilərin belə nüfuzlu beynəlxalq layihədə iştirakı ölkəmizin zəngin musiqi ənənələrinin və milli ifaçılıq məktəbinin dünya mədəniyyət məkanında layiqincə təmsil olunduğunu bir daha nümayiş etdirib.
Fəs Sufi Musiqisi Festivalı dünyanın hər yerindən musiqi və sənətkarları bir araya gətirir. Festival Mərakeşin ən maraqlı və orijinal tədbirlərindən biridir. Dünya auditoriyasına açıq olan festival təsəvvüf mədəniyyəti irsinin, onun əsərlərinin, sənət və sənətkarlıq nümunələrinin təbliğini həyata keçirir. Festival çərçivəsində dəyirmi masalar, konsertlər, sənət sərgiləri, ustad dərsləri təşkil olunur.