ABŞ Prezidenti Rusiya diplomatlarının ölkədən göndərilməsinə sərəncam verib
Vaşinqton, 26 mart, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp martın 26-da 60 Rusiya diplomatının ölkədən göndərilməsinə sərəncam verib və Sietldə Rusiya konsulluğunun bağlanmasını əmr edib. Bu barədə məlumat Ağ Evin bəyanatında yer alıb. Bəyanatda deyilir ki, Ağ Ev Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın və onun qızı Yuliyanın martın 4-də İngiltərənin Solsberi şəhərində kimyəvi maddə ilə zəhərlənməsində Rusiyanın mümkün iştirakı ilə əlaqədar bu ölkənin ünvanına ittihamlar səsləndiyi üçün bu addımı atıb.
Yerli KİV-lərin Birləşmiş Ştatlar Administrasiyanın yüksək vəzifəli şəxslərinə istinadla yaydıqları məlumata görə, Rusiyanın Sietldəki baş konsulluğu ABŞ-ın sualtı qayıqlar bazasının və “Boeing” şirkətinin sənaye strukturlarının yaxınlığında yerləşdiyinə görə bağlanacaq.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyertin D.Trampın sərəncamı ilə bağlı bəyanatında deyilir ki, Birləşmiş Ştatlar hökuməti 48 Rusiya diplomatını, Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı missiyasında işləyən 12 xüsusi xidmət orqanı əməkdaşını ölkədən göndərəcək, Sietldəki baş konsulluğun 2018-ci il aprelin 2-dək bağlanmasını Rusiya hökumətindən tələb edəcək. H.Noyert vurğulayıb ki, bu addımlar "ABŞ-ın Böyük Britaniya ilə yenilməz həmrəyliyini" nümayiş etdirmək üçün atılıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton