ABŞ qrin-kart lotereyasının nəticələrinin elan edilməsini təxirə salıb
Vaşinqton, 27 aprel, AZƏRTAC
Gələn ilin qrin-kart lotereyasının nəticələrinin elan edilməsi 2020-ci il iyunun 6-dək təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti özünün "Twitter" səhifəsində məlumat verib. Vaxtın dəyişdirilməsi koronavirus infeksiyasının yayılması və proqramı idarə edən kadrların çatışmaması ilə əlaqələndirilir. Xatırladaq ki, statusun yoxlanmasına mayın 5-də başlamaq nəzərdə tutulmuşdu.
“Biz “DV-2021” lotereyası iştirakçısının statusunun yoxlanmasına başlamağı 2020-ci il 6 iyun tarixinədək təxirə salırıq. Bu, 2020-ci il oktyabrın 1-nə nəzərdə tutulmuş “DV-2021”in yekunları üzrə müsahibənin qabaqcadan hazırlanmasına və planlaşdırılmasına mənfi təsir göstərməyəcək”, - deyə ABŞ Dövlət Departamenti bildirib.
Nəticələrin elan olunması iyunun 6-na keçirilsə də, “DV-2020” lotereyası qaliblərinin müsahibələri təxirə salınmayıb. Onlar 2020-ci il 30 sentyabr tarixinə planlaşdırılır. Prezident Donald Trampın ABŞ-da miqrasiyanı müvəqqəti dondurması, o cümlədən qrin-kartların verilməsini dayandırması “DV-2020” ilə bağlı müraciət edənlər üçün çətinliklər yarada bilər.
Hələlik müvəqqəti qadağa 60 gün müddətinə, yəni 2020-ci il iyunun 22-dək təyin edilib. Amma əgər Trampın verdiyi fərmanın qüvvədə olma müddətini payızadək və ya daha çox uzatsalar, onda lazımi sənədləri vaxtında çatdıra bilməyənlər qrin-kartlarını itirə biləcəklər.
AZƏRTAC-ın Vaşinqton bürosu