ABŞ sahillərində Yaponiyada ötən il baş vermiş sunaminin dənizə saldığı estakada tapılmışdır
Tokio, 8 iyun (AZƏRTAC). ABŞ-ın Oreqon ştatının sahillərində Yaponiyada ötən il baş vermiş sunaminin dənizə saldığı dəmir estakada tapılmışdır. Bu gözlənilməz tapıntı yerli orqanları təcili olaraq buradakı balığın radioaktivliyini araşdırmağa məcbur etmişdir.
Mütəxəssislərin qənaətinə görə, əgər 160 tonluq konstruksiya okeanı üzüb keçə bilmişdirsə, deməli Fukusimada baş vermiş nüvə qəzası zamanı orada olmuş balıqlar da ABŞ sahillərinə gəlib çıxa bilmişlər.
Estakada okeanın ABŞ-ın qərb sahillərinə çıxardığı ən böyük qırıntı adlandırılmışdır. Bu dəmir-beton konstruksiya bir il üç ay ərzində sərbəst şəkildə okeanda 10 min kilometrlərlə məsafə qət edərək Yaponiyanın Aomori prefekturasından ABŞ-ın Oreqon ştatına gəlib çıxmışdır. Təxminən 20 metr uzunluğunda olan estakada bir daha ötən ilin martındakı dəhşətli təbii fəlakəti insanlara xatırlatmışdır.
Yaponiyanın Portlenddə yerləşən baş konsulluğu bu estakadanın ötən il sunaminin dənizə saldığı dörd körpüdən biri olduğunu təsdiq etmişdir. Digər üç körpünün harada olduğu isə məlum deyildir və mütəxəssislər bunun Yaponiyadan gələn sonuncu “hədiyyə” olmadığını təsdiq edirlər. Belə ki, sunami ötən ilin martında Hönsü adasının şimal-şərqindən milyon tonlarla qırıntını dənizə salmışdır ki, bu da hazırda ABŞ və Kanadaya doğru irəliləməkdədir.
Narahatlıq doğuran əsas məqam yalnız bu qırıntılar deyildir. “Fukusima-1” Atom Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində okeana tonlarla radioaktiv maye axmışdır və hazırda Yaponiyada balıq və balıq məhsulları ciddi yoxlamadan sonra satışa buraxılır. İndi okeanın digər sahillərində də müvafiq addımların atılması ehtiyacı yaranmışdır.
ABŞ sanitar xidməti Kaliforniya sahillərində tutulmuş tunes balıqlarında radiasiyanın olduğunu artıq müəyyən etmişdir. Şübhəsiz ki, həmin balıqlar qəza zamanı Yaponiya sahillərinin yaxınlığında olmuşlar.
Xoşbəxtlikdən Oreqon ştatında tapılmış estakadada radiasiyanın izləri müəyyən edilməmişdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio