Abşeron məktəbləri postpandemiya dövründə fəaliyyətə hazırdır
Xırdalan, 30 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Ölkə ərazisində fevralın 1-dən əyani tədrisin mərhələli şəkildə bərpa olunacağı ilə əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətinin başçısının göstərişinə əsasən, rayon ərazisində fəaliyyət göstərən bütün məktəblərdə dezinfeksiya və deratizasiya işləri aparılıb.
Bu barədə AZƏRTAC-a qurumun mətbuat katibi Seymur Qasımov məlumat verib. Bildirilib ki, məktəblərin hamısı təmassız termometrlərlə və dezinfeksiyaedici məhlullarla təmin edilib. Eyni zamanda giriş və dəhlizlərdə ara məsafənin gözlənilməsinin vacibliyini bildirən elanlar asılıb, döşəməyə xüsusi işarələr çəkilib. Şagirdlər məktəbə daxil olarkən temperaturu yoxlanılacaq və səhhətlərində hər hansı narahatlıq olacağı təqdirdə, təcrid otağına yönləndiriləcək.
Qeyd edib ki, bütün pedaqoji heyət artıq tibbi müayinədən keçirilib. Abşeron məktəblərində yanvarın 20-dən başlayaraq sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq hazırlıq işləri görülür.