RƏSMİ XRONİKA
ABŞERON TARİX-DİYARŞÜNASLIQ MUZEYİ İLƏ TANIŞLIQ
Sentyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Abşeron tarix-diyarşünaslıq muzeyi ilə tanış olmuşdur.
Dövlətimizin başçısını burada ehtiramla qarşıladılar. Direktor Yeganə Mənsimova məlumat verdi ki, tarix-diyarşünaslıq muzeyi ötən əsrin 80-ci illərindən fəaliyyət göstərir. Bina bu ilin əvvəllərində təmir olunmuşdur. Burada minlərlə eksponat vardır. Bunların xeylisi nadir eksponatlardır və Abşeronun, ümumən rayonun qədim tarixini, məişətini, mədəniyyətini əks etdirir. Muzeydə Balaxanıda ilk neftin çıxarılması, Hacı Zeynalabdin Tağıyevin və digər neft milyonçularının fəaliyyəti, Abşeronun inkişafı, bu torpaqda doğulmuş görkəmli şəxsiyyətlər, eləcə də köhnə Bakı barədə fotoşəkillər və dəyərli sənədlər toplanmışdır.
Muzeydə xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini, o cümlədən Abşeron rayonunda olmasını əks etdirən xüsusi bölmə də vardır.
Prezident İlham Əliyev rayonun tanınmış şəxslərinin tərcümeyi-halı ilə maraqlandı, qədim dövrlərə və orta əsrlərə aid məişət, kənd təsərrüfatı alətlərinə, hərbi silah-sursata baxdı, bunların böyük əhəmiyyət daşıdığını, Abşeronun qədim tarixə malik olmasını sübut etdiyini vurğuladı.