REGİONLAR
Abşeronda Həmrəylik Günü və Yeni il bayramı qeyd edilib
Xırdalan, 30 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Yeni təqvim ilinin gəlişinə saylı günlər qalır. Abşeron Rayon İcra Hakimiyyətinin hazırladığı tədbirlər planına uyğun olaraq rayonun inzibati mərkəzi - Xırdalan şəhəri bayram libasına bürünüb. Park və meydanlar, küçələr, ictimai binaların, evlərin fasadları, eyvanlar bayramsayağı bəzədilib. Heydər Əliyev adına mədəniyyət və istirahət parkının gecə görüntüləri isə xüsusilə cəlbedicidir. Prospekt və küçələrdə quraşdırılan müasir işıqlandırma sistemi, rəngbərəng çilçıraqlar Xırdalanın hüsnünə əlavə rəng qatır.
AZƏRTAC xəbər verir ki, azərbaycanlıların əziz bayram olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da böyük təntənə ilə qeyd olunub.
Bayram tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova abşeronluları təbrik edərək, regionların sosial-iqtisadi inkişafından, quruculuq və abadlıq işlərinin rayonda da sürətlə aparılmasından danışıb.
Qeyd olunub ki, Ümummilli Liderin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin, əlaqələrin genişlənməsinə imkan yaradıb.
Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gündən-günə daha da gücləndiyi vurğulanıb.
Daha sonra rayonun ictimai həyatında səmərəli fəaliyyət göstərən bir qrup şəxsə fəxri fərman təqdim olunub.
Tədbir respublikanın tanınmış incəsənət ustalarının təqdim etdiyi rəngarəng bayram konserti ilə davam edib.