Abşeronda oğurluq edən “həkim” saxlanılıb
Mehdiabad, 29 aprel, AZƏRTAC
Abşeron rayonunda oğurluq hadisəsi baş verib. Hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə Digah qəsəbəsində həkim ambulatoriyasından oğurluq edilməsinə dair məlumat daxil olub.
Dərhal əməliyyat qrupu yaradılaraq hadisə yerində zəruri əməliyyat istintaq tədbirləri həyata keçirilib. Hadisənin üstü "isti izlər"lə açılıb. Aparılan araşdırma zamanı məlum olub ki, oğurluğu Digah qəsəbə sakini 30 yaşlı Kazım Cavadov törədib.
Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Bildirib ki, o, övladlarını müayinə etdirmək üçün həmin ambulatoriyaya tez-tez gəlirmiş. Xüsusi alət və avadanlıqdan istifadə etməklə içəri pəncərədən daxil olub.
K. Cəfərov həkim ambulatoriyasından bir ədəd noutbook, içərisində lazımi sənədlər olan fləş kart, hərarət, şəkər və təzyiq ölçən aparatlar, müxtəlif dərman preparatları, spirt, həmçinin digər tibbi ləvazimatlar götürüb.
Daha əvvəl məhkumluq həyatı yaşayan K. Cavadov hətta özünə “Həkim” ləqəbi də verib. İxtisasça inşaatçı olan şəxs, həkim olmaq üçün tibbi ləvazimatları oğurladığını deyib.
Faktla bağlı rayon polis idarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.