CƏMİYYƏT
Abşeronda salınmış yeni kompleksdə mənzil alan məcburi köçkün ailələri üçün püşkatma keçiriləcək
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məcburi köçkünlərlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır. Onların mənzil-məişət şəraitinin və maddi vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Birinci vitse-prezident Mehriban Əliyevanın Bakı və Sumqayıt şəhərlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünləri yeni mənzillərə köçürmək barədə verdiyi tapşırığın icrası davam etdirilir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, hazırda Qaradağ rayonunun “Ümid” qəsəbəsində ikinci mərhələdə tikilən 300 ailəlik yaşayış binalarına məcburi köçkünlərin köçürülməsinə başlanıb. Qaradağ rayonunda 9 ünvanda ağır şəraitdə yaşayan məcburi köçkün ailələri yeni mənzillərlə təmin edilir.
Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi ötən il dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Məcburi köçkünlərin bu kompleksdə məskunlaşdırılması üçün fevralın 4-də püşkatma keçiriləcək. Məcburi köçkün ailələrinin başçıları növbə ilə püşk çəkərək, kompleksdə əvvəlcədən ayrılmış otaq sayı üzrə, hansı binada və neçənci mənzildə yaşayacaqlarını müəyyənləşdirəcəklər. Püşkatma mərasimindən bir neçə gün sonra ailələrin yeni mənzillərə köçürülməsinə başlanacaq.
Qeyd edək ki, məktəb və uşaq bağçasının daxil olduğu yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib. Kompleksdə bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub. Yeni yaşayış kompleksində hazırda Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunacaq.