Abşeronda şəhid Rüstəm Turabovun xatirəsinə ucaldılan abidə-bulaq kompleksi açılıb
Xırdalan, 19 may, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunun Güzdək qəsəbəsində şəhid Turabov Rüstəm Fərman oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Milli Məclisin deputatı Şahin Seyidzadə, Abşeron Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, rayon ictimaiyyəti iştirak edib.
Bildirilib ki, şəhidlərin xatirəsini əbədiləşdirmək istiqamətində rayon ərazisində bir sıra tədbirlər görülür. Belə ki, Vətənin bütövlüyü uğrunda canından keçən igid oğullarımızın adları küçələrə verilib və həmin küçələr abadlaşdırılıb.
Qeyd edilib ki, Azərbaycan igid qəhrəmanlarının şücaəti sayəsində ərazi bütövlüyünə qovuşub. Prezident İlham Əliyevin uzaqgörən siyasəti, cəsarətli qərarları və qətiyyəti nəticəsində torpaqlarımızın işğalına son qoyulub.
Bildirilib ki, Rüstəm Turabov 2016-cı ildə hərbi xidmətə yollanaraq Şəmkir rayonu Hərbi Hava Qüvvələrində xidmətini başa vurub. 2020-ci ilin sentyabr ayının 29-da Vətən müharibəsinə könüllü olaraq qatılan Rüstəm Turabov Füzuli, Hadrud, Xocavənd istiqamətindəki döyüşlərdə şücaət göstərib. 2020-ci ilin oktyabr ayında Ərgünəş yüksəkliyinin azad olunması uğrunda döyüş əməliyyatlarında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyev şəhid Rüstəm Fərman oğlu Turabovu “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edib.
Sonra şəhid Rüstəm Turabovun məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Daha sonra rayon rəhbərliyi şəhidin anası Kəmalə Turabova və atası Fərman Turabovla görüşərək onların qayğıları və problemləri ilə maraqlanıb. F.Məmmədovun ailəsi şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.