ABU-DABİDƏ AZƏRBAYCAN-BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ BİZNES FORUMU KEÇİRİLMİŞDİR
Xəbər verdiyimiz kimi, noyabrın 20-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə, bu ölkənin Ticarət Palatasının binasında Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumu keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak etmişdir.
Ticarət Palatasının şöbə müdiri CAMAL MEHDİ biznes forumu açaraq dedi:
-Bismillahir-rəhmanir-rəhim!
Axşamınız xeyir!
Hörmətli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!
Hörmətli Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat və planlaşdırma naziri, fəxri missiya rəhbəri xanım Al Qasimi!
Hörmətli Abu-Dabi Ticarət Palatasının sədri, fəxri mühəndis Al Şanhi!
Hörmətli BƏƏ və GSS federasiyasının ticarət və sənaye palatasının fəxri sədri!
Dəyərli qonaqlar!
Xanımlar və cənablar!
Dost Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməkdən böyük şərəf hissi duyuruq. Biz Sizin ikinci vətəniniz, Birləşmiş Ərəb Əmirliklərinə etdiyiniz səfərdə Sizə uğurlar arzulayırıq və əminik ki, bunun nəticəsində ikitərəfli iqtisadi və ticari münasibətlər daha da inkişaf edəcəkdir.
Biz azərbaycanlı dostlarımızı Abu-Dabi Ticarət Palatasında səmimi qəlbdən salamlayırıq. İndi isə söz Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat və planlaşdırma naziri, fəxri missiyanın rəhbəri xanım Al Qasimiyə verilir.