ABU-DABİDƏ AZƏRBAYCAN-BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİBİZNES FORUMU KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 20-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə, bu ölkənin Ticarət Palatasının binasında Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumu keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak etmişdir.
Ticarət Palatasının şöbə müdiri Camal Mehdi biznes forumu açaraq, forumda iştirak etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi.
Sonra Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat və planlaşdırma naziri xanım şeyxa Lubna Al Qasimi və Ticarət Palatasının sədri Saleh bin Ömər Al Şanhi çıxış etdilər. Onlar Prezident İlham Əliyevin bu səfərinin ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəyini bildirdilər, BƏƏ-nin iş adamlarını iqtisadi cəhətdən inkişaf edən Azərbaycana sərmayə qoymağa çağırdılar.
Xanım şeyxa Lubna Al Qasimi Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmasını dəstəklədiklərini bildirdi və Azərbaycanda turizm, infrastruktur və digər sahələrdə iş görməyin mümkünlüyünü bir daha vurğuladı.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev forumda nitq söylədi. Ölkəmizin müstəqilliyinin on beş ili ərzində keçdiyi iqtisadi yola nəzər salan dövlətimizin başçısı bildirdi ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun apardığı düzgün siyasət nəticəsində ölkəmiz tədricən inkişaf yoluna çıxdı və bu gün Azərbaycan iqtisadi artım sürətinə görə dünyada liderdir.
Prezident İlham Əliyev əlverişli coğrafi mövqeyi olan ölkəmizlə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanların, Azərbaycanda əlverişli sərmayə mühitinin olduğunu söylədi. Dövlətimizin başçısı özəl sektora qayğıdan da söhbət açdı, iki ölkənin biznesmenləri arasında aparılan danışıqların əməkdaşlıq üçün yeni imkanlar yaradacağını bildirdi. Prezident İlham Əliyev dedi ki, Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri üçün Azərbaycanda gözəl şərait yaradılacaq və biz BƏƏ-nin biznes icmasını Azərbaycana dəvət edirik.
Azərbaycan Prezidentinə ölkələrimiz arasında dostluq əlaməti olaraq xatirə hədiyyəsi təqdim edildi.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri davam edir.