“ADA” Universitetində informatikada qadınların təşviqinə həsr olunan illik konfrans
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 21-də Bakıda Hesablama Maşınları üzrə Assosiasiyanın (ACM) Azərbaycan bölməsi və “ADA” Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun birgə təşkilatçılığı ilə “Ada mirası: informatikada qadınlar” mövzusunda illik konfrans keçirilib. Tədbir informatikada qadınların iştirakını təbliğ edən beynəlxalq “WomENcourage 2018” konfransı ərəfəsində “ACM-W Avropa”nın dəstəyi ilə təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ACM-W bölməsinin sədri, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sektor müdiri Ulduzə Xəlilova təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, əsası 1947-ci ildə qoyulmuş ACM-nin məqsədi informasiya texnologiyalarının sənət, elm, mühəndislik istiqamətlərini irəli aparmaqdır. ACM informasiyanın azad mübadiləsinə şərait yaratmaq və ən yüksək etik peşə standartlarını təbliğ etməklə həm peşəkar, həm də ictimai maraqlara xidmət göstərən beynəlxalq elm və təhsil təşkilatıdır.
İnformatika sahəsində qadınların rolundan bəhs edən “ADA” Universitetinin aparat rəhbəri Şəfəq Mehrəliyeva bildirib ki, “Ada mirası: informatikada qadınlar” mövzusu ilk kompüter proqramçısı hesab olunan ingilis riyaziyyatçısı Ada Lavleysin adı ilə bağlıdır. Vurğulanıb ki, “ADA” Universitetində informasiya texnologiyaları və mühəndislik ixtisasları üzrə təhsil alan tələbələr arasında qızların sayı dünya üzrə müvafiq statistikanı üstələyir. Ş.Mehrəliyeva qeyd edib ki, Azərbaycanda informasiya texnologiyaları sektoru sürətlə inkişaf edir. Bu zərurətdən çıxış edərək, informatika sahəsində işləyən peşəkar qadınlar artıq özlərinə “bunu bacarırıqmı?” deyil, “bu sahədə nə edə bilərik?” sualı verməlidirlər.
Universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı vəzifəsini icra edən Araz Yusubov bildirib ki, “ADA” Universitetində artıq üçüncü ildir təşkil olunan tədbirin məqsədi texniki sahələrdə təhsil alan və ya işləyən xanımları bir araya gətirmək, beynəlxalq “WomENcourage 2018” konfransında iştiraka həvəsləndirməkdir. 2016-cı ildə keçirilən birinci tədbirdən sonra “ADA” Universitetinin beş tələbəsi səfər təqaüdü qazanaraq ilk dəfə bu beynəlxalq konfransda iştirak edib, növbəti il isə bu say artıq yeddi nəfərə çatıb.
Qeyd edilib ki, “WomENcourage” konfransı oktyabrın 3-dən 5-dək Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək. Konfrans informatikada nailiyyətlərini təqdim etmək və təcrübələrini bölüşmək üçün xanımları bir araya gətirir. Beynəlxalq tədbir hər il bakalavr, magistrant və doktorantlara informatikanın istənilən istiqaməti üzrə tədqiqatlarını posterlərlə təqdim etməyə imkan yaradır. Posterləri qəbul olunmuş iştirakçılar konfransda qeydiyyat haqqının da daxil olduğu səfər təqaüdü üçün müraciət edə bilərlər.
Qlobal ACM-W təşkilatı sədrinin müavini, Bilkent Universitetinin müəllimi Reyyan Ayfer “Bərabərliyin iki tərəfi var: informatikada qadınlar” mövzusunda təqdimatla çıxış edib.
Ötən il Barselonada keçirilən “WomENcourage” konfransında iştirak etmiş tələbələr təcrübələrini bölüşüblər. Onların informatikanın tədrisi istiqamətində “Kod saatı”, “Bebras” müsabiqəsi və “LEGO” robotlarının istifadəsi barədə məruzələri dinlənilib.
Daha sonra panelçilər konfrans üçün təqdim olunan tədqiqat işlərini qiymətləndirib, təqdimatçılarla fikir mübadiləsi sessiyaları keçiriblər.