DÜNYA
ADNAN MENDERES AEROPORTU EKOLOJİ İNNOVASİYA SAHƏSİNDƏ ƏN YAXŞILAR SIRASINDADIR
Bakı, 21 iyun (AZƏRTAC). Beynəlxalq Aeroportlar Şurasının (ACI) ekspertləri dörd nominasiyada yaxşıların yaxşısını seçmək üçün dünyanın 46 ölkəsində 400 aeroportun işini təhlil etmişlər. Sərnişin dövriyyəsi 1-5 milyon insan olan aeroportlar arasında birinci yeri innovasiya yanaşmasına, keyfiyyətə can atması və rəqabət sahəsində əldə etdiyi tərəqqiyə görə Maltanın hava limanı tutmuşdur.
Dövriyyəsi 5-10 milyon sərnişin olan aeroportlar arasında birinci yerə ekologiya sahəsində öhdəlikləri yerinə yetirdiyinə və yerli ictimaiyyətlə qarşılıqlı fəaliyyətinə görə Lionun “Saint Exupery” hava limanı layiq görülmüşdür. İngiltərənin Mançester aeroportu sərnişin dövriyyəsi 10-25 milyon arasında olan hava limanları arasında birinci olmuşdur. Hava limanı rəhbərliyinin təhlükəsizliyin təmin olunmasına yanaşmasını xüsusi vurğulayan münsiflər heyətinin fikrincə, burada nəzərdə tutulmuş bütün layihələr reallaşdırılmışdır.
Barselona hava limanı 25 milyondan çox sərnişin axını olan aeroportlar arasında qalib olmuşdur. Ekspertlərin fikrincə, bu hava limanının xidmətlərinin keyfiyyəti son ildə xeyli yaxşılaşmışdır. Hava limanı rəhbərliyinin ətraf mühitin mühafizəsi sahəsinə 100 milyon avro yatırması və fiziki imkanları məhdud olan sərnişinlər üçün xüsusi şəraitin yaradılması da həmin qərarın qəbuluna öz təsirini göstərmişdir.
Bu il ilk dəfə ekoloji innovasiya sahəsində mükafatların təqdim olunması barədə qərar qəbul edilmişdir. Həmin mükafata İzmirin Adnan Menderes və Stokholmun Arlanda hava limanları layiq görülmüşdür.