Afrikada turizm sektorunun bərpası üçün 10 milyard dollar tələb olunur
Bakı, 7 may, AZƏRTAC
Hava nəqliyyatı və turizm sahəsində fəaliyyət göstərən beş beynəlxalq təşkilat Afrikada səyahət sektorunu dəstəkləmək çağırışı ilə dünyanın maliyyə qurumlarına müraciət edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) məlumat yayıb.
IATA ilə birgə Dünya Turizm Təşkilatı (UNWTO), Birləşmiş Millətlər Təşkilatı, Dünya Səyahət və Turizm Şurası (WTTC), Afrika Aviakompaniyaları Assosiasiyası (AFRAA) və Cənubi Afrika Aviakompaniyaları Assosiasiyası (AASA) da müraciətə imza atıb.
Ekspertlərin məlumatına əsasən, Afrikada turizm sahəsində 24,6 milyon insan çalışır. Təcili maliyyələşmə olmasa, COVID-19 böhranı qitə iqtisadiyyatına 169 milyard dollar gətirən (ümumdaxili məhsul həcminin 7,1 faizi) bu sektorun iflasına gətirib çıxara bilər.
Təşkilatlar Afrikada səyahət və turizm sektoruna dəstək olmaq üçün 10 milyard dollar ayrılmasını xahiş edirlər.
“Hazırda vəziyyət ağırdır. Aviakompaniyalar, mehmanxanalar, pansionatlar, restoranlar və onlara bağlı digər müəssisələr ciddi zərərə uğrayıb. Ənənəvi olaraq turizmin 80 faizi kiçik və orta müəssisələrdən təşkil olunur. Pula qənaət etmək məqsədilə artıq onların çoxu əməkdaşlarını işdən çıxarmağa və ya ödənişsiz məzuniyyətə göndərməyə başlayıb”, - deyə məlumatda bildirilir.
Mütəxəssislərin sözlərinə görə, beynəlxalq maliyyə dəstəyi turizm sektorunun bərpası üçün böyük əhəmiyyətə malikdir. Əks halda COVID-19 pandemiyası səbəbindən başlayan iqtisadi böhran Afrikanın inkişafını on və hətta yüz il geriyə ata bilər.