Ağcabədidə 10 min hektar sahədə çiyid səpiləcək
Ağcabədi, 29 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu il Ağcabədi rayonunda 10 min hektar sahədə pambıq becərilməsi planlaşdırılıb, 1851 nəfər istehsalçı ilə müqavilələr bağlanılıb. Hazırda səpinə hazırlıq işləri aparılır. Hava şəraiti əlverişli olacağı təqdirdə səpinin aprelin birinci ongünlüyündə başlanması və iyirmi iş günü müddətində başa çatdırılması üçün tədbirlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Ağcabədi rayon mədəniyyət evində keçirilən pambıqçılığın inkişafına həsr olunan müşavirədə məlumat verilib. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, pambıq istehsalçılarının, fermerlərin, mütəxəssislərin, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirak etdiyi tədbirdə Prezident İlham Əliyevin sədrliyi ilə martın 26-da Bərdə rayonunda keçirilən müşavirədə pambıqçılığın inkişafı ilə bağlı verilən tapşırıqların icrası ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, pambıqçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, çiyid səpininə hazırlıqla əlaqədar görüləcək işlərdən danışıb. Məlumat verilib ki, 2017-ci ildə Ağcabədi rayonunda 9550 hektar sahədə pambıq əkilib, 20 min 497 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 21,5 sentner olub. 2016-cı illə müqayisədə pambıq əkini sahələri 2,6 dəfə, pambıq istehsalı isə 2,3 dəfə artıb.
Prezident Administrasiyasının məsul əməkdaşı Əflatun Rufiyev çıxış edərək, martın 26-da Bərdə rayonunda pambıqçılığın inkişafına dair keçirilmiş respublika müşavirəsindən irəli gələn vəzifələr, bununla əlaqədar görüləcək işlərdən danışıb.
Yığıncaqda pambıqçılıqla məşğul olan fermerlərin fikir və təklifləri dinlənilib, əkin zamanı yaranan bəzi çətinliklər və onların həlli yolları, qarşıda duran vəzifələr müzakirə edilib.