“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb
Almaniyada faəliyyət göstərən “Odlar Yurdu” boks klubunun və “KUC Boxing Promotion”un təşkilatçılığı ilə Falkenze şəhərində 10-cu Beynəlxalq Peşəkar Boks Qalası keçirilib.
AZƏRTAC xəbər verir ki, 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan beynəlxalq turnirdə Almaniya, Azərbaycan, Gürcüstan, İtaliya, Çexiya, Macarıstan və Bosniya və Herseqovinadan olan peşəkar boksçular mübarizə aparıblar. Turnirdə ölkəmizi “Odlar Yurdu” boks klubunun yetirməsi Kənan Hüseynəliyev təmsil edib. Alman Peşəkar Boksçular Birliyinin (BDB) beynəlxalq çempionluq kəməri uğrunda döyüşə çıxan idmançımız Almaniyanı təmsil edən Həmzət Şadalov ilə qarşılaşıb. Qala gecəsinin əsas kəmər qarşılaşmalarından olan döyüş on raund davam edib. Son dərəcə gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada rəqib xal üstünlüyü ilə qalib gəlib.
Qarşılaşma zamanı arenada xüsusi coşğu hökm sürüb. Azərbaycanlı azarkeşlərin fəal dəstəyi gecənin ən yaddaqalan məqamlarından biri olub. Almaniyanın müxtəlif şəhərlərindən gələn soydaşlarımız, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əllərində Azərbaycan Bayrağını dalğalandıraraq Kənan Hüseynəliyevə güclü dəstək nümayiş etdiriblər. Tribunalarda yaşanan birlik ab-havası xaricdə yaşayan azərbaycanlıların milli həmrəyliyinin növbəti parlaq təzahürü olub.
“Odlar Yurdu” boks klubunun rəhbəri və Kənan Hüseynəliyevin məşqçisi Azad Əzizov AZƏRTAC-a müsahibəsində bildirib: “Odlar Yurdu” boks klubu və “KUC Boxing Promotion”un birgə təşkilatçılığı ilə Almaniyada keçirilən beynəlxalq peşəkar boks gecəsini 15 İyun - Milli Qurtuluş Gününə həsr etmişik. Azərbaycan tarixində mühüm yeri olan Milli Qurtuluş Günü müasir müstəqil dövlətçiliyimizin təməlinin qoyulduğu gündür. “Odlar Yurdu” boks klubunun da əsas məqsədi bu birliyi yaşatmaq, Almaniyada məskunlaşan azərbaycanlı gəncləri idmana cəlb etmək, onların sağlam və vətənpərvər ruhda böyüməsinə, inkişafına dəstək olmaqdır. Bu əlamətdar gündə Almaniyanın bir çox şəhərindən yüzlərlə soydaşımız buraya toplaşaraq Kənana güclü dəstək nümayiş etdirdi. Bu mənzərə xaricdə yaşayan azərbaycanlıların birliyinin və gücünün bariz nümunəsidir. Biz bu gücü və əzmkarlığı rinqdə də sübut etdik”.
Boksçu Kənan Hüseynəliyev isə olduqca güclü rəqiblə qarşılaşmasına baxmayaraq, sonadək əzmlə mübarizə apardığını vurğulayaraq deyib: “Bu qarşılaşma mənim üçün çox önəmli titul döyüşü idi. Gecənin əsas döyüşü hesab olunduğu üçün üzərimdə böyük məsuliyyət var idi. Rinqdə 10 raundluq gərgin və çətin mübarizə getdi. Son saniyəyə qədər mübarizə apardım. Bu yarışa şəxsi məşqçim Azad Əzizovla birlikdə çox ağır və ciddi bir hazırlıq mərhələsi keçərək qatılmışdıq. Bu çətin yolda mənə dəstək olan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Xüsusilə hazırlıq müddətində məni diqqətdən kənarda qoymayan, hər bir problemimlə yaxından maraqlanan Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edirəm. Zalda inanılmaz ab-hava var idi. Almaniyanın müxtəlif bölgələrindən gələn yüzlərlə soydaşımız mənə böyük motivasiya verdi”.
Qarşıdakı yarışlarda daha böyük əzmlə mübarizə aparacağını qeyd edən idmançımız bildirib: “Həmzət Şadalov Almaniyanın adından Olimpiya Oyunlarında iştirak etmiş, ölkədə çox tanınmış idmançılardan biridir. Belə bir rəqiblə döyüşmək mənim üçün böyük təcrübə oldu. Lakin bizim üçün dayanmaq yoxdur, yolumuza daha böyük əzmlə davam edəcəyik. Sona qədər mübarizə aparıb Vətənim Azərbaycanı beynəlxalq arenada həmişə ən yüksək səviyyədə təmsil etmək üçün əlimdən gələni edəcəyəm”.