Ağcabədidə keçirilən yürüşdə Ermənistanın işğalçılıq siyasətini və erməni faşizmini pisləyən şüarlar səsləndirilmişdir
Ağcabədi, 26 fevral (AZƏRTAC). Xocalı faciəsinin 22-ci ildönümü Ağcabədi rayonunda silsilə tədbirlərlə qeyd edilmişdir. İdarə və müəssisələrdə, təhsil ocaqlarında, əmək kollektivlərində yığıncaqlar keçirilmiş, sərgi və guşələr təşkil olunmuş, faciə qurbanlarının xatirəsi ehtiramla anılmışdır.
Fevralın 26-da Ağcabədi şəhərindəki Heydər Əliyev meydanından Şəhidlər xiyabanınadək gənclərin və Xocalıdan olan məcburi köçkünlərin iştirakı ilə yürüş keçirilmişdir. Əllərində “Xocalı haraya çağırır bizi!”, “Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın”, “Biz hamımız Xocalıyıq!”, “Xocalı, qanın yerdə qalmayacaq!” və digər plakatlar tutmuş yürüş iştirakçıları Ermənistanın işğalçılıq siyasətini, erməni faşizmini pisləyən şüarlar səsləndirmişlər. Sakinlərə Xocalı soyqırımına dair məlumatlar əks olunmuş bukletlər paylanmışdır.
Yürüş iştirakçıları, həmçinin rayon rəhbərliyi, ictimaiyyətin və əmək kollektivlərinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının məzarları üstünə tər çiçəklər düzərək xatirələrini ehtiramla yad etmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Rayon mədəniyyət evində davam edən tədbirdə məktəblilərin Xocalı faciəsi ilə bağlı əl işləri və rəsmləri, həmçinin Xocalı həqiqətlərinin əks etdirən sənədli film nümayiş olunmuşdur.
Çıxışlarda işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə, bütün məcburi köçkünlərin, o cümlədən xocalıların doğma yurd-yuvalarına qayıdacaqlarına və cinayətkarların öz layiqli cəzalarını alacaqlarına inam hissi vurğulanmışdır.
Tədbirdə rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı ədəbi-bədii kompozisiya da təqdim edilmişdir.