Ağcabədidə su kanalından silah-sursat və mərmi tapılıb
Bakı, 11 mart, AZƏRTAC
Martın 10-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağcabədi rayonunun Yuxarı Salambəyli kəndi ərazisində su kanalında mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən qurumun xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən Yuxarı Qarabağ kanalına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində kanal ərazisindən 580 ədəd patron (480 ədəd 5.45 mm-lik və 100 ədəd 7.62 mm-lik patron) və 2 ədəd avtomat darağı (boş) aşkarlanıb. Kanalda suyun səviyyəsinin artması ilə əlaqədar olaraq əməliyyat-axtarış tədbirləri martın 11-də davam etdirilib. Nəticədə əlavə olaraq 700 ədəd 5.45 millimetrlik patron, 1 ədəd RQD-5 əl qumbarası və 1 ədəd avtomat darağı (boş) aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunan partlamamış hərbi sursatların ətrafında 2 min kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
Agentlik tərəfindən yanvarın 1-dən martın 10-dək, ümumilikdə, 2 377 ədəd partlamamış hərbi sursat, 1 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Bu müddətdə 28 min 265 kvadratmetr ərazi yoxlanılıb.