AĞCABƏDİDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİ BÖYÜK TƏNTƏNƏ İLƏ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Ağcabədidə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə ümumrayon tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ulu öndərin Ağcabədi şəhərindəki abidəsini ziyarət etmiş, önünə gül-çiçək düzmüşlər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən, respublikanın inkişafı yolunda yorulmaz fəaliyyətindən danışmışdır. Ulu öndərin siyasi kursunun Prezident İlham Əlliyev tərəfindən layiqincə davam etdirildiyini deyən icra başçısı bildirmişdir ki, ölkədə həyat şəraiti gündən-günə daha da yüksəlir. Regionların sosial iqtisadi inkişafı Dövlət proqramı və digər layihələrin uğurla həyata keçirilməsi, 650 mindən çox iş yerlərinin açılması və digər uğurlar onu göstərir ki, bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində İlham Əliyevin qələbə çalacağı şəksizdir.
Tədbirdə ümummilli liderin 85 illik yubileyi ilə əlaqədar keçirilən müxtəlif müsabiqələrin, idman turnirlərinin qaliblərinə rayon icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələr təqdim edilmişdir.
Tədbir rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı konsert proqramı ilə davam etdirilmişdir.
Tədbirin sonunda ulu öndərin yubileyi münasibətilə atəşfəşanlıq olmuşdur.