AĞDAM RAYONUNDA I RÜBÜN YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətində 2008-ci ilin I rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
İcra hakimiyyətinin başçısı Həsən Sarıyev bildirmişdir ki, 2008-ci ilin I rübündə rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında müsbət nəticələr əldə edilmişdir. Rayonun büdcə gəlirləri 5 min 443,6 manat olmuşdur. Bu, 2007-ci ilin müvafiq dövrünə nisbətən 127,5 faiz çoxdur. Büdcə xərcləri 4 min 793,5 min manat, yaxud ötən ilin I rübü ilə müqayisədə 150,8 faiz icra edilmişdir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulu buraxılışı 5,6 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 3,1 faiz, poçt və rabitə xidmətinin həcmi 34,4 faiz, pərakəndə əmtəə dövriyyəsi 18,1 faiz artmışdır.
Məlumat verilmişdir ki, süd istehsalı 0,9 faiz artaraq 5550 tona, ət istehsalı 0,6 faiz artaraq 620 tona, iribuynuzlu mal-qaranın sayı 1,3 faiz artaraq 14 min 396 başa, xırdabuynuzlu heyvanların sayı 0,1 faiz artaraq 107 min 700 başa çatmışdır. Taxılçılara maddi dəstək göstərildikdən sonra əhalinin bu sahəyə marağı daha da artmış, rayonda 7 min 600 hektar sahədə taxıl əkilmişdir.
2008-ci ilin I rübündə 249 nəfər işlə təmin olunmuşdur. İş yerlərinin 114-ü daimidir.
Məruzə və çıxışlarda qarşıdan gələn Prezident seçkilərinə də toxunulmuşdur. Bildirilmişdir ki, ağdamlılar 2003-cü ildə olduğu kimi, 2008-ci il seçkilərində də İlham Əliyevə alternativ görmürlər.
Natiqlər problemlərdən və qarşıda duran vəzifələrdən də danışmışlar. Vurğulamışlar ki, bundan sonra da bütün sahələrdə işgüzarlıq, əzmkarlıq nümayiş etdirəcək, ulu öndər Heydər Əliyevin siyasi kursunu qətiyyətlə, uğurla davam etdirən Prezident İlham Əliyevin ən yaxın köməkçiləri olacaqlar.