Ağdam şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
Bakı, 15 may, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 15-də Ağdam şəhərində vətəndaşlarla görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Ağdam, Füzuli və Xocavənd rayonlarının sakinlərinin iştirak etdiyi görüşdə qaldırılan məsələlərin bir qismi yerində həll olunub, digərlərinin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyeva bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərir. Hazırda dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm vəzifə işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, keçmiş məcburi köçkünlər üçün təhlükəsiz və layiqli həyat şəraitinin yaradılması, onların doğma yurda qayıdışının sürətləndirilməsi, dayanıqlı məskunlaşmanın təmin edilməsidir. Qayıdış prosesinin uğurla davam etdiyi, mərhələli qaydada aparılan bu prosesdə, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərinə ən ağır vəziyyətdə yaşayanların köçürülməsinə üstünlük verildiyi vətəndaşların diqqətinə çatdırılıb.
Vətəndaşların müraciətlərində əsasən, Böyük Qayıdışın təşkili, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər məsələlərlə bağlı müraciətlər təşkil edib.