REGİONLAR
Ağdamda “Haqqın 44 günü” adlı tamaşa-kompozisiya nümayiş olunub
Ağdam, 28 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Vətən uğrunda canlarını qəhrəmancasına fəda etmiş şəhidlərimizin xatirəsi Ağdam rayonunda da ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəhidlər Xatirə Kompleksində keçirilən anım mərasimində şəhid ailələri və qazilər, Ağdam Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər 2020-ci il sentyabrın 27-də Ermənistanın cəbhə boyu genişmiqyaslı təxribatına əks cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmənə layiqli cavabını verərək tarixi ədaləti bərpa etməsindən, xalqımızın yumruq kimi sıx birləşərək tarixi zəfərə imza atmasından, 2023-cü il sentyabrın 19-da Azərbaycan ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Qarabağda yerləşən qeyri-qanuni erməni hərbi birləşmələrinin tərk-silah edilməsindən bəhs ediblər.
Tədbir iştirakçıları Şəhidlər Abidə Kompleksi önünə gül dəstələri düzüb, şəhidlərin ruhlarına dualar oxuyublar. Tədbir iştirakçıları Şəhidlər Xiyabanını və rayonun digər kəndlərində dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət ediblər.
Eyni gündə Ağdam Dövlət Dram Teatrında Lənkəran Dövlət Dram Teatrının yaradıcı heyəti tərəfindən “Haqqın 44 günü” adlı tamaşa-kompozisiya nümayiş olunub. Tamaşada 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın şanlı Azərbaycan Ordusu tərəfindən cəmi 44 günə azad edilməsi təsirli səhnələrlə əksini tapıb.