AĞDAMLILAR ULU ÖNDƏRİN MÜƏYYƏNLƏŞDİRDİYİ YOLA SADİQDİRLƏR
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyev bu müqəddəs yerdə AZƏRTAC-ın müxbirinə demişdir ki, paytaxta Dövlətqaçqınkomda “Heydər Əliyev guşəsi”nin açılış mərasimində iştirak etmək üçün gəlmişdim. Ulu öndərin məzarını ziyarət etməyi özümə borc bildim…
Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi tərəqqinin, siyasi sabitliyin, ictimai şüurun son 35 ildən artıq bir dövrü əhatə edən mərhələsində özünü dünya siyasətinin görkəmli xadimlərindən biri kimi tanıdan Heydər Əliyevin adı tariximizə əbədi həkk olunmuşdur. 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrdə ulu öndər dəfələrlə Ağdamda olmuşdur. Həmin illərdə Ağdamın tərəqqisi, yaraşıqlı və abad şəhərə çevrilməsi, rayon sakinlərinin rifahının yüksəlməsi bu yorulmaz, fədakar dövlət xadiminin adı ilə bağlıdır. Onun əziz xatirəsi ağdamlıların yaddaşında əbədi yaşayacaqdır. Bu günlər rayonda keçirilən tədbirlərdə onun xilaskar missiyası haqqında daha çox danışılır. Xüsusi vurğulanır ki, 1993-cü il iyunun 15-dən Azərbaycan tarixində Heydər Əliyev mərhələsinin ən dinamik, gərgin və səmərəli dövrü başlanmışdı. Onun hakimiyyətə tarixi qayıdışından sonra Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun, demokratik təsisatların yaranmasının əsası qoyulmuş, ölkənin inkişaf yolu müəyyənləşdirilmişdir. İftixar hissi ilə deyə bilərəm ki, bu gün möhtərəm Prezidentimiz İlham Əliyev xalqımızın böyük oğlunun yolunu inamla davam etdirir. Dövlətimizin başçısı əmin ola bilər: Ağdamlılar ulu öndərin müəyyənləşdirdiyi yola sadiqdirlər və bu yolda ölkə rəhbərliyinin ən yaxın köməkçiləridir.