Ağır günlərin tez sovuşması hamının arzusudur
Bakı, 28 aprel, AZƏRTAC
Hər gün dünyada çoxlu canlar alan koronavirus (COVID-19) pandemiyası həyatımızın əsas mövzusu olaraq qalır. Dəhşətli epidemiya ilə əlaqədar müxtəlif ölkələrdən ürəkləri titrədən xəbərlər gəlir.
Sazın istedadlı ifaçılarından biri, Əməkdar mədəniyyət işçisi Aşıq Ədalət Dəlidağlı AZƏRTAC-ın müxbiri ilə karantin günləri barədə söhbətə xeyir-dua ilə başlayıb: “Ən əvvəl bu ağır sınaq günlərdə xalqıma, vətənimə, millətimə Allahdan kömək diləyirəm. Çətin günlər yaşayırıq. Ona görə hamıya və hər kəsə dözüm, mətanət və dəyanət arzu edirəm. Qoy dünyanın başı üzərini alan bəşəri fəlakət xalqımızı üçün əmin-amanlıq, salamatçılıq və ən az sayda itkilərlə ötüşsün. Elə bilirəm ki, bu, təkcə mənim yox, hamının arzusudur. Çox yaxşı haldır ki, hökumətimiz, dövlətimiz bu dəhşətli epidemiyanın ölkəmizdə geniş yayılmaması üçün vaxtında çox düzgün addımlar atdı, zəruri tədbirlər gördü. Biz vətəndaşlar da xüsusi karantin rejiminin qayda-qanunlarına əməl etməli, gigiyenik qaydaları gözləməli, yaxın təmaslardan uzaq olmalıyıq.
Mən də dövrün tələbinə uyğun olaraq ailəmlə birlikdə evə qapanmışam, heç yerə çıxmıram. Lazım olanda dostlarla, qohumlarla telefon vasitəsilə əlaqə saxlayıram. Anlayıram ki, bu keçici vəziyyətə alışmalı və onun tələblərini yerinə yetirməliyik. Əgər sağlamlığa gedən yol özünəqapanmadan keçirsə, bunu niyə etməyəsən”.
O, söhbətinin yekununda deyib: “Əlbəttə, belə vaxtlarda sənət də bir təsəllidir. Saz-söz həm gen gündə, həm çətin gündə bizim yanımızdadır. Ona görə evdə olduğum günlərdə necə deyərlər, sazı köynəkdə qoymuram. Hər gün çalıram, oxuyuram, yeni şeirlər əzbərləyirəm. Bu bəlanın xalqımızın, millətimizin üzərindən tezliklə ən az itkilərlə sovuşmasını və yenidən sazlı-sözlü, çal-çağırlı günlərə qovuşmağımızı arzu edirəm. Bu sahədə də dövlətimizə və həkimlərimizə çox güvənirəm. Evdə qalaq, sağlam olaq, bir-birimizə arxa duraq!”.