CƏMİYYƏT
Ağstafa rayon sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 18 may, AZƏRTAC
Ağstafa Rayon Polis Şöbəsinin Köçəsgər kəndində yaşayan 62 yaşlı Çiçək Ələkbərovanın üzərində zorakılıq əlamətləri olan (boğma xarakterli) meyitinin evində tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla evdə xalçanın bir hissəsinin yanmış vəziyyətdə olması ilə evin yandırılmasına cəhd göstərilməsi müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Köçəsgər kənd sakini, əvvəllər məhkum olunan T.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.