Ağstafada dini maarifləndirmə işinin təşkili ilə bağlı ikigünlük seminar-treninq işə başlayıb
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb. Bu barədə AZƏRTAC-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə DQİDK-nın sədr müavini Gündüz İsmayılov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əziz Məsmaliyev, DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Rasim Tağıyev, məktəb psixoloqları və “Həyat Bilgisi” fənnini tədris edən müəllimlər iştirak ediblər.
Seminar-treninqin birinci günündə çıxış edən icra başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əziz Məsmaliyev mövzunun əhəmiyyətindən danışıb. Natiq, həmçinin rayonda mövcud dini vəziyyət barədə də geniş məlumat verib.
Sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov bildirib ki, bu gün ölkəmizdə dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də cəmiyyətimizdə radikalizm meyillərinin qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən geniş tədbirlər həyata keçirilir. Sədr müavini qeyd edib ki, bu cür seminar-treninqlərin təşkilindən əsas məqsəd dini maarifləndirmə yolu ilə radikalizm, məzhəbçilik, dini ayrı-seçkilik kimi amillərə qarşı mübarizə, eyni zamanda, ictimaiyyətin düzgün istiqamətləndirilməsidir.
Ölkəmizdə mövcud olan tolerantlıq mühitindən danışan DQİDK-nın sədr müavini deyib ki, Azərbaycanda bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma mövcuddur. Vurğulayıb ki, ölkə əhalisi dini radikalizm, ekstremizm və onların fəsadları, eləcə də milli mənəvi dəyərlərimiz haqqında kifayət qədər məlumatlıdırlar. Amma zaman keçdikcə bu istiqamətlərdə işlərin daha da gücləndirilməsinə ehtiyac var. Çünki din həssas sahədir və dövlətin, eləcə də cəmiyyətin milli, ictimai və ideoloji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Dini radikalizmin və ekstremizmin fəsadlarından da danışan Gündüz İsmayılov deyib ki, dini radikalizmlə mübarizədə ən səmərəli metod gənclərin təhsilinin artırılmasıdır.
Daha sonra çıxış edən DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov cəmiyyətin bütün təbəqələrini əhatə etməklə mütəmadi olaraq keçirilən konfrans və treninqlərdən ətraflı danışıb, dini maarifləndirmə ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Sonda iştirakçıları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.