Ağsuda keçmiş məhkumdan “Kalaşnikov” avtomatı götürülüb
Bakı, 20 may, AZƏRTAC
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, əvvəllər dəfələrlə məhkum olunan şəhər sakini Rauf Şərifovun odlu silah-sursat gəzdirməsi və saxlaması barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Ağsu rayonu ərazisində saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, həmin silaha məxsus sandıqça və 30 ədəd patron aşkar edilərək götürülüb. R.Şərifov ifadəsində silah-sursatın ona məxsus olduğunu və bir neçə il öncə tapdığını bildirib.
Faktla Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.